“Hər matça qələbə üçün çıxırıq. Neçə matçdır ki, öndə oluruq, amma sonda 3 xalı qazana bilmirik”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev deyib. O, Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ”la 1:1-lik heç-heçə etdikləri oyundan danışıb:

“Artıq neçə matçdır ki, son dəqiqə qolu ilə 3 xaldan oluruq. Digər matçlarda da elə toplar buraxdıq ki…10 xal itirmişik. Halbuki, bu 10 xal bizi 4-cü pilləyə qaldıra bilərdi. Bundan sonra bizə sadəcə 1 qələbə lazımdır ki, hər şey dəyişsin. Bütün oyunboyu eyni tempdə oynaya bilirik. Düşünmürəm ki, komanda tempə dözmür. Bütün məşqləri edirik və oyun zamanı da bunu göstəririk. “Qarabağ” elə komandadır ki, onlara qarşı kompakt oynamaq lazımdır. Oyun ərzində çalışdıq onlara şans verməyək”.

Əliyev Filip Ozobiçə qarşı etdiyi penalti barədə fikirlərini də açıqlayıb: “Elə bir vəziyyət idi ki, danışmaq çətindir. Bir saniyəlik gecikmə oldu. Ayağımı geri çəkmək istəyəndə Ozobiçin ayağı mənim ayağımın üstünə dəydi. Sanki Filip penalti almağa gəlirdi. İlkin də sığortalamağa çatmışdı. Yenə də nə desəm, doğru olmaz. Analiz edəcəyik”.

Shares: