“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin futbolinfo.az saytına müsahibəsi
- “Keşlə” ilə 1:1-lik heç-heçəni gözləyirdiniz?
- Çətin görüş keçdi. Bunun əsas səbəblərindən biri də meydançanın süni örtüklü olması idi. Üstəlik, rəqib komanda məşqlərini, oyunlarıını orada keçirdiyi üçün bizdən bir addım öndə idi. Erkən qol buraxmaq da işimizi çətinləşdirdi. Yekunda 1 xalla kifayətləndik. Qol vəziyyətlərimiz var idi. İstifadə edə bilsəydik, fərqli nəticə də ola bilərdi.
- Lider “Neftçi” məğlub oldu, lakin siz də xal itirdiniz. Buna görə təəssüflənirsiz? Çünki xal fərqini qələbə ilə daha da artıra bilərdiniz…
- “Neftçi”nin məğlubiyyətindən xəbərimiz var idi. Amma bu heç nəyi dəyişmirdi. Dünən meydana qalibiyyət üçün çıxmışdıq. 3 xalla evə qayıtmaq istəyirdik. Yenə deyirəm ki, erkən qol buraxmaq planlarımıza daxil deyildi. “Keşlə” hesabı açdıqdan sonra öz cərimə meydançasına qapandı. Əks-hücumlarda oynadılar və bu da təhlükəli idi. 1 xal bizi turnir cədvəlində vahid liderə çevirdi. Bundan başqa qarşıda hələ xeyli oyunlarımız var. Həmin matçlarda maksimum nəticələr qazanmaq lazımdır.
- “Qarabağ”la “Neftçi” arasındakı rəqabət son oyunda çempionluğun taleyinə aydınlıq gətirməklə bitə bilər?
- Əvvəl də bildirdim ki, qarşıdakı hər oyuna 3 xal üçün çıxacağıq. Təbii ki, bizi də çətinliklər gözləyir. 7 oyun var və gərgin matçlar olacaq. Artıq növbəti oyuna köklənmişik. Artıq xal itirməyə haqqımız yoxdur. Bütün matçları maksimum nəticə ilə başa vurmalıyıq.
- Kabo-Verde millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəlib final mərhələsinə vəsiqə əldə etdiniz…
- Bu mövzuya toxunduğunuza görə təşəkkür edirəm. Bütün afrikalı futbolçuların arzusudur ki, yığma komandada Afrika Millətlər Kubokunun final mərhələsində çıxış etsin. Həm sevincliyəm, həm də qürur duyuram ki, komandanın turnirə vəsiqə qazanmasında payım oldu.
- Yığma komandada özünü yaxşı tərəfdən göstərə bildiyini düşünürsən?
- Fikrimcə, bacardığımı etdim və meydandaq əlimdən gələni əsirgəmədim. Ümumiyyətlə, keçirdiyim oyunu müsbət dəyərləndirirəm. Bu matçlarda start heyətdə meydana çıxmışdım. Əgər vəsiqə əldə etmişiksə, deməli komanda da, mən də yaxşı oyun göstərmişik.
- Azərbaycan yığması isə DÇ-2022-nin seçmə mərhələsinin 2 oyununda Portuqaliya və Serbiyaya uduzdu. Matçları izlədinizmi?
- Təəssüf ki, Portuqaliya ilə matçı izləyə bildim. Həmin matçda komanda pis çıxış etmədi. Bəxtsiz qolu saymasaq, futboçular əllərindən gələni etdilər. Xüsusən müdafiədə etibarlı oynadılar.