“Bir neçə matçdır ki, qələbə qazandığımız oyunda son dəqiqə qolu ilə 3 xaldan məhrum oluruq. Bu komandaya həqiqətən pis təsir edir”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.
O, Premyer Liqanın 21-ci turunda “Qarabağ”la 1:1-lik heç-heçə etdikləri matçdan söz açıb. Hacıyev son dəqiqələrdə buraxdıqları qolla 3 xalı əldə edə bilməməklərinin səbəbləri barədə danışıb: “Bu hansısa boşluqdan irəli gəlir. Şanssızlıq da adlandıra bilərik. Əlbəttə ki, bu belə davam etməyəcək. Vəziyyət dəyişəcək”.
Vinger baş məşqçi Sənan Qurbanovun “Keşlə”də çox şeyi dəyişdiyini açıqlayıb: “Artıq komandada bir sxem, bir taktika var. Futbolçular meydançaya çıxanda nə edəcəyini bilir. Bunlar önəmli şeylərdir. Davamlı olması isə bizdən asılıdır. Sənan müəllim yeni gəlib və qarşıda bizi daha yaxşı günlər gözləyir. Düşünürəm ki, biz yaxşı oyunlarla qələbələr qazanacağıq”.
Hacıyev “Qarabağ”a vurduğu qoldan danışıb: “Vurduğum qola sevinirəm, təbii ki, bu yaxşı haldır. “Qarabağ” çox çətin rəqibdir. Onlara qarşı oynamaq həmişə ağır olub. Lakin “Keşlə” də zəif deyil. Komandama güvənirəm və özümüzü heç zaman zəif görməmişəm. Düşünürəm ki, bizim üçün yaxşı olacaq. Qarşıda xallar qazanacağıq”.
27 yaşlı oyunçu öz oyunu barədə bunları deyib: “Özümü “Keşlə”də tam göstərməmişəm, çünki daha yaxşısını edə bilərəm. Zədə aldım və bu zədə məni 4-5 oyun geri saldı. Milliyə də dəvət ala bilmədim. Zədədən qayıtdıqdan sonra formaya düşmək vaxt aparır. Çalışıram ki, yüksək səviyyədə formamı bərpa edim. Qol vursam da, bu yaxşı oynamışam demək deyil. Gücüm var və qarşıda daha da parlaq oyunlar göstərə bilərəm. Çalışacam və əlimdən gələni edəcəm”.
Futbolçu növbəti tur “Zirə”yə qarşı keçirəcəkləri matç barədə fikirlərini də bildirib: “Rəqib yaxşı komandadır. Bizim üçün hər bir oyun vacibdir. Çünki ancaq qalib gəlməliyik. Çox xal itirmişik və bunu sığortalamalıyıq. Son 4-5 oyunda şanssızlıqla üzləşmişik. Bu adama təsir edir. Komanda olaraq çox əziyyət çəkirik və sonda xal itiririk. Bu, belə davam etməyəcək. Komandaya, məşqçilərə güvənirəm və qarşıda ard-arda qələbələr gələcək”.