“Keşlə” Aleksandr Kristovaonun klubu məhkəməyə verməsini rəsmən təsdiqləyib. Paytaxt təmsilçisinin mətbuat xidməti bu barədə “Futbolinfo”ya məlumat verib.

Bakılıların mətbuat sözçüsü Murad Axundov klubu mövqeyini belə təqdim edib: “İlk növbədə onu qeyd edim ki, Aleksandr Kristovaonun klubumuzu FIFA-ya şikayət etməsindən sonra, “Keşlə” Futbol Klubu olaraq əks iddia irəli sürmüşdük. Hazırda əməkdaşlıq etdiyimiz hüquqi şirkət bu işlə məşğul olur. Bütün məsələlər hüquqi müstəvidə həll olunur və biz də ali futbol qurumunun qərarını gözləyirik”.

Əlavə izahat verməyən, səbəbləri , detalları açıqlamayan Axundov ali futbol qurumunun qərarını gözləməyi məqsədəuyğun bilir. Əvəzində bakılılar klubun idman direktoru Ceyhun Sultanovu qorumağın təlaşındadı: “Saytınızda gedən xəbərdə klubumuzun idman direktoru Ceyhun Sultanovun bu prosesdə iştirak etməsi barədə yazılmış cümlə həqiqəti əks etdirmir. Sultanov klubumuza ötən ilin sonu gəlib, lakin Aleksandr Kristovaonun məsələsi 2020-ci ilin avqustundan bəri davam edir. Bildiyiniz kimi, futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Laçi” komandası ilə oyundan sonra düşərgəni özbaşına tərk etmişdi, klubun daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozmuşdu”.

“Keşlə”nin mövqeyinə hörmət etdiyimizdən, təqdim olunan mətni olduğu kimi dərc edirik. Lakin Sultanovla bağlı qeydin yalan olduğunu yazmalıyıq.

Əvvəla, Ceyhun bəyin idman direktoru postuna təyinatı bugünədək rəsmən açıqlanmayıb. Ona görə də istənilən günü onun işə başlaması tarixi kimi yazmaq, hətta ümumiyyətlə, klubda olmadığını demək olar.

İkincisi, Sultanov “Keşlə”nin planlarını nəinki ötən ilin sonundan, hətta ötən mövsümdən müəyyənləşdirən əsas şəxsdi. Hələ “Neftçi”də işləyərkən “Keşlə”yə futbolçu transfer edən bu şəxs mövsümöncəsi heyət planlaşdırmasında da baş rolda idi. Qovulan oyunçularla bağlı əksər qərarlar məhz onun təşəbbüsüdü. Sadəcə, imza klubun Müşahidə Şurasının sədri Zaur Axundov tərəfindən atılıb. Kristovaoya görə havaya sovrulacaq 100 min dollar da məhz Sultanovun sayəsində Zaur bəyin boynuna yazılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp