Bəlkə nəzəri şans qalır, amma yəqin “Qəbələ” düşərgəsində də hər şeyin bitdiyini anlayırlar. Dünən Sumqayıtda qeydə alınan məğlubiyyət bölgə təmsilçisinin avrokuboklara yolunu indidən bağladı. Turnir cədvəlinin ilk “dördlüy”ündə yer alan komandalarsa rahat nəfəs ala bilər. Yalnız “Keşlə” ölkə kubokunu qazanacağı təqdirdə “Zirə”ylə “Sumqayıt”dan biri kənarda qalacaq ki, bu ehtimal çox kiçikdi.

23-cü turun açılış matçı heç-heçə bitdi. “Səbail” növbəti dəfə “Qarabağ”ı büdrətməyi bacardı. Aftandil Hacıyevin yetirmələri buna əzmkar, intizamlı oyun sayəsidə nal oldu. Ardıcıl 3 oyundu xal bölən “dənizçilər” son 7 turda qələbəyə həsrət olsa da, 5 heç-heçəylə vəziyyətini yaxşılaşdırıb.

Çempionluq yarışında ağır zərbə alan “Qarabağ” “Neftçi”nin yenidən ümidlənməsinə imkan yaratdı. Düzdü, ilk yarıda iki məcburi əvəzləmə ağdamlıları çətin vəziyyətdə qoydu. Xüsusilə Filip Ozobiçin sıradan çıxması Qurban Qurbanovun hücumdakı planlarına mənfi təsir etdi. Şahruddin Məhəmmədəliyevin xəstəxanalıq olması isə növbəti turlarda özünü göstərə bilər.

“Qarabağ”ın büdrəməsi təsadüfi deyil – komanda son illərin ən zəif ehtiyat qüvvəsinə malikdi. Zədəlilərin olması bir yana, komandanın ümumiyyətlə, heyət problemi var. Dünən qol vurmaq lazım gələrkən məşqçilər heyəti meydana buraxmağa kimsəni tapa bilmədi. Bu baxımdan daha rəngarəng heyəti olan “Neftçi” bir az cəsarətli olsa, özünəinamı itirməsə, çempionluq xəyal deyil. Üstəlik, artıq neçənci dəfə heç nədən penaltiyə səbəbkar olub komandasını pis vəziyyətdə qoyan Kevin Medina da əsas rəqibə “kömək etməkdədi”.

Bu gün “Neftçi” “Zirə” tilsimini qırıb bu rəqib üzərində mövsümdəki ilk qələbəsini qazansa, maraqlı finiş izləyəcəyik. Növbəti tur Qəbələ səfərinə ciddi itkilərlə yollanacaq “Qarabağ”ın daha bir uğursuz nəticəsi mümkündü. Ona görə də “Neftçi” öz oyununa köklənməli, çempionluq yarışının son turdakı şəxsi oyunadək bitməməsinə çalışmalıdı. Baxmayaraq ki, ardıcıl 4 səfər matçından yüzfaizli nəticə ilə ayrılmaq çətin olacaq.

Turun hələlik yeganə qalibi olan “Sumqayıt”a gəlincə, ötənhəftəki məğlubiyyətdən dərs çıxaran komanda tez toparlanmağı bacardı. Mövsümün bəlkə də ən kritik matçında qazanılan qələbə izləyicilərdən birdəfəlik uzaqlaşma imkanı verdi. Gözəl qolla yadda qalan Rəhim Sadıxovun hesabı açmasından az sonra bombardirlər yarışında varlığını yenidən göstərən Əli Qurbani “kimyaçılar”ı avrokuboklara aparacaq hesabı təmin etdi.

Mövsüm ərzində hamıdan çox qol epizodu yaradıb, hamıdan az qol vuran “Qəbələ” aqibətini özü müəyyənləşdirdi. Elmar Baxşıyevin yetirmələrini hamıyla eyni üslubda oynatmaq cəhdinin nəticəsi belə olmalıydı. Ağıllı rəqiblər açıq futbola üstünlük verən komandaları dayandırmağı yaxşı bacarır. Növbəti 5 turda 8 xallıq fərqi aradan qaldırması mümkün görünməyən bölgə təmsilçisi indidən növbəti mövsümü düşünsə, yaxşı olar.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp