Tilsimlərin qırıldığı turda “Qəbələ” üzərində ilk qələbəsini qazanan “Sumqayıt” kimi, “Neftçi” də xoşagəlməz gedişi dayandırdı. Bu mövsüm kubok oyunları nəzərə alınmaqla, 5 matçda “Zirə”nin qapısına yol tapmağı bacarmayan bakılılar acığını darmadağınla çıxdı.

“Neftçi” vacib qələbə sayəsində lider “Qarabağ”la aradakı xal fərqini birə endirdi. Bu isə çempionluq yarışında gərgin finişə ümidləri bir az da artırdı. Növbəylə xal itirən liderlər yəqin ki, çempionluğun taleyini son turda, öz aralarındakı oyunda müəyyənləşdirəcək.

23-cü turun bağlanış matçının bu hesabla (4:0) bitəcəyini heç kim təsəvvür etməzdi. Fasiləyədək izlədiyimiz gedişat da böyük hesabdan xəbər vermirdi. Oyun dəst-xəttinə sadiq qalan “Zirə” müdafiədə diqqətli oynayıb, əks-hücumda qol vurmaq istəyirdi. Elə bu üzdən “Neftçi” epizod yaratmaqda çətinlik çəkirdi.

İkinci hissənin startındakı bir səhv hadisələrin sonrakı ssenarisinə birbaşa təsir etdi. Lazar Corceviçin geriyə ötürmə zamanı diqqətsizliyi “Neftçi”nin hesabı açmasına səbəb oldu. Namiq Ələsgərova “məhsuldar ötürmə” serb müdafiəçinin bu mövsüm qeydə alınan çoxsaylı səhvlərindən ən bağışlanmazı olacaq. Çünki məhz bu qol “qartallar”ın bütün planlarını pozdu, darmadağının əsasını qoydu.

Hesabda geri düşdükdən sonra B planına keçən Rəşad Sadıqovun beşli müdafiənin ən zəif bəndini hücumçuyla əvəz etməsi heç nəyi dəyişmədi. Qısa müddət rəqibin təşəbbüsü ələ almasına imkan verən meydan sahibləri əks-hücumlarla qələbəni rəsmiləşdirdi. Mövsümdəki ən zəif oyununu keçirən qəsəbə təmsilçisi hətta ciddi qol epizodu yarada bilmədi.

“Neftçi” səhvlərdən əla yararlandı, oyun intizamını itirmədi və layiq olduğu qələbəni qazandı. Amma “Zirə”nin səhvləri nəticədə önəmli rol oynadı. Lazarın xətası baş məşqçinin planını da əhəmiyyətsiz etdi. Sadıqov fasilədə iki əvəzetməyə əl atıb, əks-hücumları daha kəsərli etməyi, yeni qüvvə sayəsində mərkəzdə üstünlüyü ala almağı planlamışdı. Amma 47-ci dəqiqədəki şok effektli səhvdən sonra bütün bunlar əhəmiyyətini itirdi.

4-cü pilləyə enən “Zirə”nin işi çətinləşdi. Xəstəlik və zədələr səbəbindən bir çox oyunçusu formasından uzaq olan qəsəbə təmsilçisi indi kubokda da mübarizə aparmalıdı. Həm də yarımfinaldakı rəqibin – “Keşlə”nin sıradan çıxarılması şərtdi. Əks halda, avrokuboklara vəsiqə təhlükəyə düşə bilər. Çempionatda bu hüququ qazanmaq imkanı olmayan “Keşlə” bütün ümidini ikinci cəbhəyə bağayıb. Sənan Qurbanovun yetirmələrinin titulu qazanması “Sumqayıt”la “Zirə” dən birinin kənarda qalmasıyla nəticələnəcək. Ona görə “qartallar” indi əsas diqqətini məhz finala vəsiqə qazanmağa yönəltməyə məcburdu.

“Keşlə” də ideal vəziyyətdə deyil. 13 turdu qələbə qazanmayan bakılılar dünən “Sabah”ı yenməməklə autsayder mövqeyində möhkəmləndi. Lakin kubokda motivasiya fərqli olacaq. Ona görə proqnoz vermək çətindi və qarşıdakı iki həftədə sürpriz mənzərəylə üzləşə bilərik.

“Neftçi” dünənki qələbə sayəsində təkcə psixoloji üstünlük qazanmadı. “Qarabağ” kubokda yoluna davam etdiyindən, daha çətin qrafikdə oynayacaq. Zədəlilərinin sayı çox olduğundan ağdamlıların çempionluq yarışının son turlarında büdrəmək ehtimalı daha realdı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp