“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, matçdan (0:0, penaltilər 4:5) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Rəqibi təbrik edirəm. Maraqlı oyun alındı. Futbolçularımdan razı qaldım. Son vaxtlarda çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkir, yorulurlar. Qarşıda vacib oyunlarımız var. Onları bu oyunlara hazırlamalıyıq.
  • Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa necə?
  • Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.
  • Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?
  • Mahir zədədən yeni çıxıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi oyunçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar.
  • Şahruddin özü oynamaq istədi?
  • Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.
  • Rəqibin bu qədər müdafiədən oynamağını gözləyirdiz?
  • İki variant var idi. Ya ilk oyundakı kimi oynayacaqdılar, ya da öz sistemləri ilə. Düşünürdüm ki, əsas heyətlə çıxıb, qol vurmağı düşünərlər. Gözlədiyim iki variantdan ilki oldu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp