Elçin Məsiyev çox ağıllı, hiyləgər hakimdi. Dünən “Zirə” – “Keşlə” (2:3) matçının şoumeni özünü qorumaq üçün hər şey etdi.

Məsiyev ajiotajdan narahat idi. Bilirdi ki, onun “Keşlə”nin hakimi olduğu ifşa edilib. Ona görə maksimum ehtiyatlı davranır, meydan sahiblərinin narazı qalmaması üçün hər şey edirdi. Lakin konkret tapşırığı var idi – “Keşlə” finala yüksəlməliydi.

Qonaqların qol vuracağı ümidiylə 86 dəqiqə səbr edən Elçin oyunun axarının istənilən kimi getmədiyini gördü və başqasının əliylə epizod aradı. Bu dəfə işi köməkçisinə gördürdü. Məsiyevdən daha çox “Keşlə”li olan laysman Pərvin Talıbov məhz həlledici anda önə çıxdı.

İmkan tapan kimi Talıbovun “Keşlə”yə hansı qələbələri qazandırdığını, hansı epizodlarda kömək etdiyini növbəti statistika ilə isbatlayacağıq. Yadınıza bircə oyunu salım, bugünlük kifayətlənin. Qalmaqallı “Sabah” – “Keşlə” oyunu xatirinizdə olar. Qapı xəttini keçməyən topu qol kimi qeydə alan məhz Talıbov olmuşdu. O, dünən də israrla “Zirə”nin qapısına olmayan penaltini təyin etdirdi.

Laysmanın xəbərdarlığından sonra oyunu dayandıran Məsiyevin özünü qorumaq cəhdini görməyə dəyərdi. O, nümayişkaranə şəkildə köməkçisi ilə məsləhətləşdi, sanki qərarı özünün vermədiyini sübut etməyə çalışdı. Bu azmış kimi qulaqcıq vasitəsi ilə kimlərləsə məşvərət etdi. Sanki demək istəyirdi ki, penaltini mən təyin etmirəm, qulağıma belə etməyin lazım olduğunu söyləyirlər.

Azərbaycanda VAR sistemi hələ tətbiq olunmayıb, Məsiyev isə israrla əlini qulağına tutub, “yuxarı”dan gələn məsləhəti dinləyirdi. Meydanın mərkəzində olsa, köməkçisi ilə danışdığını deyə bilərdi, amma köməkçisinin yanında dayanıb, kiminləsə məsləhətləşirdi. Deməli, ona göstərişi videotəkrara televizor vasitəsi ilə baxan AFFA rəsmiləri, bəlkə də icraçı vitse-prezident Elxan Məmmədov və ya onun “Keşlə”nin rəhbəri olan dostu Zaur Axundov verirdi. “CBC Sport”a biz də baxırdıq, həmin təkrarlara görə hakimə “penalti təyin et” məsləhətini vermək axmaqlıqdı, eyni zamanda hakimin qərarına, nəticəyə müdaxilədi.

Hakimin tapşırıqla işlədiyini sübut etmək üçün bundan gözəl fakt yoxdu. Meydanda ola-ola kənardakılarla danışmaq sifariş yerinə yetirmək deməkdi. VAR sistemi tətbiq olunsaydı, sözümüz olmazdı, bəhanə üçün əlyeri tapılardı. Lakin dünənki olay AFFA-dakıların özlərini ifşa nümunəsiydi. Və Məsiyev hərəkəti ilə özünü qorumağa çalışdı, eyni zamanda ictimaiyyətə mesaj ötürdü: Belə olmağını “yuxarı”da oturanlar istəyir. Bu hiyləni bacarırsa, Məsiyev elə FIFA referisi olmağa layiq adamdı…

AĞA

P.S.: “CBC Sport”da görə bilmədiyimiz epizodun fərqli rakursdan təkrarına sosial şəbəkələrdə rast gəldik. Düzdü, həmin görüntülər də heç nəyi demir, Lazarın Abanqa doğru uzanan əli var və bu hərəkət penaltiyə səbəb ola bilməz. Məsiyev buna görə qırmızı vərəqə göstərirsə, o zaman Hacıağa Hacılıya qarşı ikiqat artıq kobudluğa görə Vüsal İsgəndərli hələ 9-cu dəqiqədə “Keşlə”ni azlıqda qoymalıydı.

180970538 1355254361519533 7807444656654471428 n - Futbolinfo.az
179525521 577727106953568 8576666041972003436 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp