Azərbaycan Kubokunun yarımfinalında “Sumqayıt”a penaltilərlə uduzaraq mübarizəni dayandıran “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin futbolinfo.az saytına müsahibəsi

  • Azərbaycan Kubokunda “Sumqayıt”a uduzub mübarizəni dayandırdınız…
  • Bu oyunla bağlı danışacaq bir şey yoxdur. Elə olsun hər iki matçla bağlı nə danışmaq olar ki? 2 qarşılaşmada qol vura bilmədik və mübarizəni dayandırdıq.
  • “Qarabağ” açıq-aşkar favorit göstərilsə də, qalib gələ bilmədiniz. Bunun səbəbini nədə görürsən?
  • Hamıya bəllidir ki, “Sumqayıt” bizimlə matçlarda müdafiədən oynayır. Əgər qarşılaşmalara baxsanız, 6-7 müdafiəyəmeyilli oyunçu ilə meydana çıxırlar. Qarşımızda sədd çəkirlər və bütün oyunboyu bu davam edir. Bu da işimizi çətinləşdirir və bu dəfə də belə oldu.
  • “Qarabağ” artıq kubokda mübarizəni dayandırıb və tək çempionatda oynayacaq. Bu sizin titul üçün tək şansınızdır…
  • Biz hər iki titul üçün mübarizə aparırdıq. İstəyirdik ki, bu mövsüm Azərbaycan kubokunu da, Premyer Liqanı da qazanaq. Lakin alınmadı və biz dayandıq. İndi bütün diqqətimizi liqaya yönəldib burada uğurlu olmağa çalışacağıq.
  • Fikrimcə, “Qarabağ” azarkeşləri və heyəti kimi düşünsə də, sənin penaltini vura bilməyəcəyini düşünməzdi. Necə oldu ki, həlledici anda qeyri-dəqiq zərbə endirdin?
  • Oyundan əvvəl Allaha dua etmişdim ki, oyun ərzində mənə qol vurmaq üçün bir imkan yaratsın. Həqiqətən də belə imkan oldu və matçın taleyi mənim ayaqlarımdan asılı idi. Lakin mənim üçün uğursuz gün oldu və bəxtim gətirmədi. Büdrədim, alınmadı. Bütün komanda yoldaşlarım kimi diqqətimi artıq liqadakı matçlara yönəldib, ora köklənməliyəm.
  • Özünü bu məğlubiyyətdə günahkar sayırsan?
  • İki matç oynadıq və bu matçlarda qol vura bilmədik. Düşünmürəm ki, bu məğlubiyyətdə xüsusi günahkar var. Sadəcə bizim günümüz deyildi, uğurlu vaxt olmadı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp