Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmaya 4-cü səbətdən qoşulan Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, millimiz Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro seçmələri ilə E qrupuna düşüb.
Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustuna qədər davam edəcək. Dünya çempionatının final mərhələsi isə 2023-cü ildə (10 iyul – 20 avqustda) Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək.