Qanunlar, qaydalar, qadağalar… Sən demə, bunlar da kiminsə marağına xidmət edəndə yada düşürmüş. Qanunlardan qalxan kimi istifadə edənlər bəzən onları da zorlamaqdan həzz alır.

FIFA-nın, UEFA-nın qadağaları var. AFFA da hər zaman buna əsaslanır. Belə ki, hakimlərin idarə etdiyi oyunlarla bağlı danışması, hər hansı şərh verməsi qadağandı. İndiyədək yüzlərlə hakim səhvi olub və heç birində kimisə danışdırmaq mümkün olmayıb, səbəb kimi qadağaları göstəriblər. Həinki hakimlərin, ümumiyyətlə, hakim-inspektorların, komitə üzvlərinin özünün, istənilən həmkarının işini şərh etməyinə icazə verilməyib.

Amma dünən qanunları ayaq altına atanlar tapıldı. Ölkə kubokunun yarımfinalında “Keşlə”yə uduzdurulan “Zirə”nin haqqını yeyənlər özünü müdafiə etmək üçün başqa çarə görmədi. Danışdılar və yenə batırdılar. Çünki qərəzlisənsə, günahkarsansa, üfunət mənbəyisənsə, eşdikcə qoxusu yayılacaq.

Qalmaqallı penaltinin səbəkarı olan laysman Pərvin Talıbov apasport.az saytına müsahibə verməyi lazım bildi. Anatoli Abanq Lazar Corceviçi vurarkən “kor olan”, qarşılığı verilərkən baş hakimdən penalti təyin edilməsini istəyən köməkçi, sifariş yerinə yetirmələrinin ifşa olunduğunu anladığından başqa iddianı ortaya atdı.

Guya ki, qəsəbə stadionunda tanımadığı şəxslər ona fiziki təzyiq göstərmək istəyib, nalayiq ifadələr işlədib: “Amma onlar nə futbolçu, nə də məşqçilər idi. Tanımadığım şəxslər idi. Bilmirəm, bəlkə də “Zirə”nin azarkeşləri olub. Sağ olsun, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, hadisəni görən kimi, qaçaraq bizə tərəf yaxınlaşdı, onların üstünə qışqırdı ki, siz kimsiz bura girmisiz, nə edirsiz?”

Bu, yalançı şoudu. “Zirə”ni İntizam Komitəsinin iclasında maddi cəzayla “yükləmək”, klub haqda mənfi imic yaratmaq, olayın miqyasını sifarişli hakim səhvi müstəvisindən çıxarmaq üçün düşünülmüş ssenaridi. Talıbov qəsəbə təmsilçisini “yuxarılar”ın qınağına məruz qoymaq, klubun AFFA-dan səhvlərə görə hesabat istəməsinin qarşısını almaq üçün belə danışır: “Təkcə əlim qapının arasında qaldı. O da ciddi problem deyil, heç bir xəsarət almamışam. Heç bir şikayətim, narahatlığım yoxdur. Oyunda belə şeylər baş verə bilər. Nə komandalardan, nə rəhbərliklərindən şikayətim var. Sadəcə, nəzərə alsınlar ki, biz də gördüyümüz şeylərə qərar veririk”.

Yan xətt hakimi Sadıqovu olaya şahid kimi göstərməklə hədəfi də nişan verir. Halbuki bununla bağlı heç bir görüntü, çəkiliş yoxdu. Hətta belə bir hadisə olubsa da, əksini raportda tapmalıdı, Talıbovun mətbuata danışması onun ciddi cəzalanmasını labüd edir.

Qarşılaşmanın 90-cı dəqiqəsində baş hakim Elçin Məsiyev gözlənilmədən “Zirə”nin qapısına penaltini məhz Talıbovun məsləhətindən sonra verib. O, meydan sahiblərinin futbolçusu Lazar Corceviçin belə hərəkət edəcəyini öncədən hiss etdiyini söyləyib: “Hansısa klubun haqqına girməyi istəmərəm. Bu, bizə yaraşacaq hərəkət deyil. Çünki futbolçular da meydanda əziyyət çəkirlər. O ki qaldı həmin epizoda, bu hal son dəqiqələrdə 2-3 dəfə təkrarlandı. “Zirə”nin 44 (Dmitrios Çantakias) və 12 (Lazar Corceviç) nömrəli futbolçuları “Keşlə”nin həmin hücumçusuna qarşı aqressiv rəftar edirdilər. Sadəcə, həmin epizodları açıq görə bilmirdim. Onlarla danışaraq sakitləşdirməyə çalışırdım. Deyirdim ki, sakit olun, problem yaratmayın, bu aqressivliyiniz penaltiyə səbəb ola bilər. Hətta baş hakimə də məlumat verdim ki, bu iki futbolçuya şifahi xəbərdarlıq eləsin. Artıq onların nəsə edəcəyini hiss edirdim, bu üzdən həmin futbolçulara fokuslanmışdım. Müdafiəçi də rəqibin oyunçusunu yumruqla vurduğu üçün dərhal baş hakimə məlumat verdim”.

STOP! Talıbovun bu etirafı hakimlərin qərəzli olduğunu düşünmək üçün kifayətdi. Baş hakimə xəbərdarlıq edilmişdisə, Məsiyev niyə onlara şifahi xəbərdarlıq edib, futbolçuları sakitləşdirmədi? Yoxsa hadisələrin böyüməsində, tapşırığı yerinə yetirmək üçün səbəb tapılmasında maraqlı idi? Hamı danışmağa başlamışkən, zəhmət olmasa, Elçin də buna aydınlıq gətirsin. Əks halda, Talıbovun danışması, Məsiyevin susması başqa cür qəbul olunacaq. Ya hamı danışsın, ya hamı sussun…

Yeri gəlmişkən, Abanq yerə yıxılarkən daha yaxında olan baş hakimə yox, Talıbova tərəf baxır. Sanki onunla sözləşib, təxribatı reallaşdırıb və qərar verilməsini istəyir. Əla qurğu idi, icra olundu.

Dəfələrlə müraciət etdiyimiz, hər dəfə də heç bir epizodla bağlı şərh verməyə ixtiyarı olmadığını deyən Hakimlər Komitəsinin sədri Frits Stuxlik də azerisport.com-a açıqlama verib. O, Məsiyevin qulaqcıqla kiminləsə danışmasını ört-basdır etməyə çalışıb. Görəsən, niyə indi? Axı, qanunlar varsa, əməl olunmalıdı, qadağalar hər zaman keçərlidi. Başqa oyunları, səhvləri yaddan çıxarıb yalnız bu matçla bağlı danışmaq nəyə və kimə lazımdı?

Stuxlikə əlimiz çatmır, sualımızı sayt vasitəsilə verir və ümid edirik ki, AFFA rəsmiləri bizim sorğunu da hansısa saytda cavablayar: Hörmətli sədr, Məsiyev “Keşlə”nin sevimli hakimi deyilsə, onun rəqiblərinə qarşı qərəzi yoxdursa, niyə təyinatlarının yarısı bu komandanın oyunlarına edilib? Məlumat üçün bildirək ki, Premyer Liqada və kubokda bu mövsüm 17 oyun idarə edən Elçin 8 dəfə paytaxt təmsilçisinin matçında fit çalıb, daha 3 dəfə 4-cü hakim olub? Premyer Liqada 8 komanda var, amma bu adam niyə “Keşlə”nin oyunlarına iki turdan bir təyinat alır və onun olduğu duellərdə bu komanda demək olar, məğlubiyyət üzü görmür?

Zəhmət olmasa, cavab verin. Qanunları, qaydaları, qadağaları ayaq altına atmısızsa, FIFA-nın, UEFA-nın, AFFA-nın tələblərini pozmusunuzsa, bu suala da cavab verin. Yalnız özünüzə sərf edəndə danışırsızsa, deməli, qərəzi, sifarişi ört-basdır etmək üçün qanunları zorlayırsız…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp