Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Qara Qarayev Türkiyə yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu gün qardaş ölkədə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Öncə bildirmək istərdim ki, Türkiyə Futbol Federasiyasına və türk millətinə təşəkkür, vəfa borcumuz var. Burada olmağın sevincini yaşayırıq. Türkiyə ilə görüş bizim üçün xüsusi önəm kəsb edir. Burada məğlub komanda olmayacaq. Arzu edirəm ki, ən yaxşı hazırlıq matçlarından biri olacaq.

Bu oyun yoldaşlıq, dostluq yox, qardaşlıq görüşüdür. Nəticəsi necə olursa-olsun, itirəcək bir şeyimiz yoxdur. İstər Türkiyə, istər Azərbaycan millisi qalib gəlsin, fərqi yoxdur, son nəticədə hamımız qazanacağıq. Heyətdə zədəli futbolçumuz yoxdur. Hər oyunda məqsədimiz qələbədir. Bizi maraqlı oyun gözləyir. Yoldaşlıq görüşləri seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir.

Türkiyə millisi haqqında ən yaxşı sözləri deyə bilərəm. Avropa çempionatında oynamadığımız vaxtlarda daim Türkiyə millisinin yanında olmuşuq. Düşünürəm ki, “ay-ulduzlular”da aqressiya, əzmkarlıq, yaxşı baş məşqçi var. Hazırkı komanda daha gəncdir və yaxşı komplektləşib. Türkiyə yığmasının AÇ-2020-dəki oyunlarından ikisi Bakıda olacaq. Bir millət olaraq Türkiyə millisinin yanında olacağıq. Bu, təkcə onların Azərbaycan paytaxtında oynamaları ilə əlaqədar deyil. Dünyanın harasında oynayırlarsa-oynasınlar, biz həmişə Türkiyə yığmasının azarkeşiyik. Bütün dualarımız “ay-ulduzlular”ladır. Türk dünyası üçün sevindirici nəticələr əldə edəcəklərinə inanırıq. Bizim üçün də üstünlük olar ki, qrupdan çıxsınlar və 1/8 finala yüksəlsinlər. İnşallah, bu xoşbəxtliyi hamımız görəcəyik. Elə vəziyyət yaranıb ki, azarkeşlərimizə nəsə deməyə ehtiyac yoxdur. Hər zaman Türkiyəni dəstəkləmişik. Bundan sonra da elə olacaq”.

Qarayev çempionluq mübarizəsində “Neftçi”yə məğlubiyyəti də şərh edib: “Ağır mövsüm keçirdik. Ardıcıl 7 çempionluqdan sonra 2-ci yeri tutduq. Burada olmağımız həmin çətinliyi unutdurdu. Yığma üzvləri ilə yaxşı münasibətlərimiz var. Çempionatda rəqib olsaq da, burada yumruq kimiyik. Hər şey Bakıda qaldı. Çempionluq münasibətilə “Neftçi” camiəsini təbrik etdik. Bizə yaraşan da budur. 7 ildir avrokubokların qrupunda oynayırıq. Bu, bizim üçün böyük uğurdur. Bu mövsüm Bakıda oynaya, istədiyimiz kimi mübarizə apara bilmədik. Matçlarımızı Türkiyədə keçirməyə qərar verdik. Buradakı görüşlərin Bakıdakılardan heç bir fərqi olmadı. Özümüzü evimizdəki kimi hiss etdik. Bugünədək bizimlə eyni qrupda oynamış bir çox komanda finala vəsiqə qazanıb. Düşünürəm ki, bizim üçün də xüsusi gündür”.

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares: