Vüsal İsgəndərli “Keşlə”dən ayrılan sonuncu futbolçu olmayacaq. Paytaxt klubu bir sıra aparıcı oyunçularını itirəcək. Gedənlərin əksəriyyəti legionerlərdi.

Futbolinfo.az xəbər verir ki, Vüsal “Keşlə”dən getməsini “instagram” hesabında paylaşım etməklə çatdırıb. 25 yaşlı yarımmüdafiəçi maaşı yarıbayarı azaldıldığı üçün belə qərar verib.

Komandaya vida edəcək digər futbolçuların bu aqibətlə üzləşməsinin səbəbləri müxtəlifdi. Maliyyə durumuna görə bakılıları tərk edənlər, məşqçilərin qərarına əsasən yola salınanlar var. Heyətə düşməkdə çətinlik çəkən yelilərin əksəriyyəti yola salınacaq ki, onların arasında bir oyuna belə çıxmayan Elvin Yunuszadənin olması qəribə görünməməlidi. Rəhman Hacıyevlə Turan Vəlizadə isə icarə müddəti bitdiyi üçün “Neftçi”yə qayıdıb.

Müqaviləsi ilin sonunda bitəcək Anatole Abanq heyətdə qalacaq. Kamerunlu hücumçu yarım il ərzində bir qol belə vurmağı bacarmasa da, məşqçilər onu saxlamaq niyyətindədi. Qapıçı Stanislav Namaşko və müdafiəçi Miyusko Boyoviç isə daha az maaşa oynamağa razılıq verib və qalmaları real görünür. Əvəzində Yevgeni Koçuk, Sadio Tounkara, Sezar Meza Kolli, Con Kamara və Silvio Rodriges düşərgədən ayrılıb.

Əslində, belə olacağını hələ qışda yazmışdıq. “Keşlə” rəhbərliyi hər fasilə dövründə heyəti əsaslı şəkildə dəyişməyə vərdiş edib. Hər dəfə 10-15 oyunçu gedir, bir o qədəri gətirilir. Hər transfer yeni pul silinməsi imkanı, menecer haqqı götürmək fürsətidi və işbazlar bundan imtina etmir. Bu şəkildə seçilənlərin futbolçu keyfiyyəti yüksək olmadığından onların gedişi qəribə görünmür. Sanki bilərəkdən maaş şişirdilmiş sıradan oyunçuları seçirlər ki, 6 aydan sonra qovulmaları təbii qarşılansın. Belədə qazanan ölkə futbolu, klub yox, bir qrup adam olur.

Shares: