Bir müddət öncə Almaniya çempionu “Bavariya” ilə yollarını ayıran David Alabanın yeni klubu rəsmən müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Madrid “Real”ında davam etdirəcək.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Avstriya yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent statusu ilə keçib.
Alaba peşəkar karyerasına məhz “Bavariya”da başlayıb. O, 13 il idi Münhen təmsilçisinin formasını geyinirdi. Yalnız 2011-ci ildə qısa müddət “Hoffenhaym”da icarədə oynamış futbolçu, “Bavariya” ilə bütövlükdə 27 titul qazanıb. 10 dəfə Almaniya Bundesliqasında çempionluq sevinci yaşayan yarımmüdafiəçi, 6 dəfə Almaniya kubokunda, 5 dəfə Almaniya super kubokunda qızıl medallara sahib çıxıb. Avstriyalı oyunçu 2 dəfə Çempionlar Liqasında, 2 dəfə UEFA super kubokunda, 2 dəfə klublararası dünya çempionatında da çempionluq yaşayıb.
David “Bavariya”nın heyətində bütövlükdə 431 oyuna çıxıb, 33 qol vurub, 47 məhsuldar ötürmə müəllifi olub. O, Avstriya yığmasında da 79 matça çıxıb, 14 qolla yadda qalıb.