UEFA Konfrans Liqasında debütə hazırlaşan “Keşlə” heyətin komplektləşdirilməsinə başlayıb. Sezar Meza Kolli, Silvio Rodriges, Con Kamara, Sadio Tounkara və Yevgeni Koçukla vidalaşan paytaxt klubu digər əcnəbiləri saxlamaq niyyətindədi. Anatole Abanqın ilin sonuna kimi müqaviləsi var, anlaşması bitən Stanislav Namaşko və Miyusko Boyoviç isə maaşlarının qismən azaldılması şərti qalmağa qərar verib.
Yerli oyunçularla bağlı vəziyyət oxşardı. Vüsal İsgəndərlinin Türkiyəyə yollandığı bəllidi. Əvəzində “Neftçi”dən icarəyə götürülən Rəhman Hacıyevlə Turan Vəlizadə komandada qalacaq. Onlar da əməkhaqqılarının azaldılmasına razılıq verib. Daha doğrusu, “Neftçi”dəkindən az, indiki klublarında ötən il aldıqlarından çox qazanacaqlar. Azər Salahlı və Şəhriyar Əliyev başqa təkliflərinin olduğunu deyərək, maaşlarının artırılmasına nail olub, İlkin Qırtımovun taleyi qeyri-müəyyəndi.
Ən maraqlısı “Keşlə”nin ötən mövsüm heyət üzü görməyən veteranlar – Rail Məlikov və Ruslan Əmircanovla yeni müqavilə bağlamaq istəyidi. Digər futbolçularla danışıqlar davam edir, əksər yerli oyunçuların düşərgədə saxlanacağı gözlənilir.
“Keşlə” heyətə yeni oyunçular qatmağa da başlayıb. “Qəbələ”dən ayrılan Merab Qiqaurini Bakı klubunun ilk transferi saya bilərik. “Zirə”dən ayrılan Rodriqo Bonqonqui də Sənan Qurbanovun istəyi ilə gətirilən oyunçulardandı. Onlarla müqavilələr qarşıdakı həftədə rəsmiləşməlidi.