AFFA Filip Ozobiçə onu milli komandamızda oynamağa razı salmaq üçün 100 min manat xərcləyib. “Qarabağ”ın yarımmüdafiəçisi məhz bu maliyyə şərtləri yerinə yetirildikdən sonra milliləşdirilməyinə razılıq verib.

Futbolinfo.az xəbər verir ki, xorvat yarımmüdafiəçinin Azərbaycanda yaşamasının 5 ili yaxın günlərdə tamam olacaq. Məhz bundan sonra onun yığmada debüt şansı olacaq. Hazırda zədəsini müalicə etdirən Ozobiçin bütün sənədləri qaydasına salınıb və o, qarşıdakı toplanışa dəvət alacaq.

Ozobiçin milliləşdirilməsinə görə AFFA-nın büdcəsindən çıxan pulun oyunçuya çatdığı, yoxsa vasitəçilər tərəfindən “əridildiyindən” xəbərsizik. Amma dəqiq olan bu məbləğin ayrılmasıdı. Karyerasında düşüş yaşamaqda olan 30 yaşlı Filipin bu məbləğə dəyib-dəymədiyi də müzakirə mövzusudu.

Xatırladaq ki, AFFA indiyədək bütün milliləşən futbolçulara müəyyən miqdarda vəsait ödəyib. Azərbaycanlıların üzərindən xətt çəkilərək onların yerinə gətirilənlərə belə maraq isə agentlərinə görədi. AFFA məmurları ilə şərik menecerlər bu yolla böyük sərvət əldə edir.

Bugünədək ən səs-küylü transfer Eddi İsrafilovla Renat Dadaşovun adıyla bağlıdı. Bacarıqsızlığı tez üzə çıxan və yığmaya çağırılmayan anqolalı Eddiyə görə 700 min avro ödənildiyi deyilirdi. Almaniyada yaşayan Renata 1,5 milyon avronun verildiyini isə sözügedən ölkənin ən məşhur qəzetləri yazmışdı. Halbuki sərvət ödənilən Dadaşov uzun müddətdi milliyə dəvət almır. Ozobiçin də karyerası onlardan fərqli olmayacaq, əsas məqsəd pulu büdcədən çıxarmaqdı.

Shares: