“Keşlə”də növbəti insident yaşanıb. Qalmaqallı xəbərlərin əskik olmadığı paytaxt klubunda yenə eyni adamlar üz-üzə gəlib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinə tapşırıqla gələn və təyinatına öz maraqları olan idman direktoru Ceyhun Sultanovun mane ola bilmədiyi Sənan Qurbanov “dostuyla” birgə işləmək istəmir. Qohumu, AFFA İcraiyyə Komitəsinin üzvü Fərid Mansurovun xahişi ilə işə götürülən baş məşqçi ölkə kubokuna sahib çıxdıqdan sonra bütün transferlərə nəzarət etmək istəyinə düşüb. Sultanovsa bu durumdan narazıdı. Çünki onun da “Keşlə”yə gəlməsində əsas marağı transferlər, qazanacağı pullardı.
Ötən mövsümün gedişində Qurbanov Sultanovu paltardəyişmə otağından qovmuş, komandanın işlərinə qarışmasına mane olmuşdu. Kubokun finalından sonra isə o, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdan Ceyhun bəyi ümumiyyətlə, komandadan kənarlaşdırmağı xahiş edib. Klub rəhbərliyi razılaşmayıb, hər kəsin öz işi ilə məşğul olmasını istəyib. Bunu bilən Sultanov isə məşqçi ilə növbəti dəfə dalaşıb.
Kəsəsi, klubda durum ürəkaçan deyil. “Keşlə” Konfrans Liqasına daha yaxşı hazırlaşmaq, idarəçilər birləşərək bir nöqtəyə vurmaq əvəzinə nüfuz, pul bölüşməsinə start verib.