“Keşlə”nin büdcəsinin azaldılmasıyla bağlı dolaşan xəbərlər yalandı. Klub rəhbərliyi belə informasiyaların tirajlanmasında özü maraqlıdı. Reallıqda isə heç nə dəyişməyib.

Futbolinfo.az xəbər verir ki, ötən mövsümün gedişində paytaxt təmsilçisində maaşlar bir neçə ay gecikdi. Lakin sonradan problem yoluna qoyuldu. Ölkə kubokunun finalındakı qələbədən sonra heyətin böyük məbləğlə mükafatlandırılması da heç kimə sirr deyil.

Hər mövsüm birbaşa AFFA-dan 6 milyon manatlıq büdcəylə təmin olunan “Keşlə”nin maliyyəsinin yarıbayarı azaldıldığı, bu üzdən xeyli futbolçunun vidalaşdığı deyilir. Hətta akademiyanın məşqçilərinə və klubun inzibati işçilərinə maaşlarının azaldılacağıyla bağlı xəbərdarlıq edilib. Əslində isə şaiyələr məhz elə bunun üçün lazımdı. Klub rəhbərliyi maliyyəni əsas komandaya yönəltmək üçün “büdcə azaldılması” yalanını dövriyyəyə buraxıb.

“Pulla rəqs etmək imkanı” əsasən yeni transferlərdə, futbolçuların yenilənən müqavilələrində mümkün olur. Bu baxımdan konkret məbləğli maaşa işləyən digər işçilər kimsənin marağında deyil. Transferlərə gəlincə, burada hər şey qaydasındadı. Müqaviləsi yenilənən aparıcı yerli oyunçuların əksəriyyəti əvvəlkindən daha yüksək maaşa razılaşıb. Halbuki maliyyə sabit qalmasaydı, onlar getməli və ya maaşları azaldılmalıydı.

Təsadüfi deyil, “Keşlə”nin maraqlandığı yeni oyunçuların əksəriyyəti yüksək ödənişli legionerlərdi. Merab Qiqauri ilə Rodriqo Bonqonqui adları bəlli olanlardı, tezliklə yenilərini də tanıyacağıq. Yenilərlə danışıqlar 100-150 min dollar civarında aparılır. Heyətdəklərdən illik 120 min dollar alan Anatole Abanqın mövsüm ərzində bir qol vurmadığını, bununla belə, heyətdə saxlandığını nəzərə alsaq, maliyyə və səviyyə arasındakı qeyri-mütənasiblik göz önündədi. “Keşlə”də əsas diqqət məbləğlərin şişirdilməsinə yönəldilib və bunun “özünəməxsus” səbəbləri var.

FƏRİD

Shares: