İtaliyanın “Roma” klubu Türkiyə “Trabzonspor”una transfer edilən Bruno Peresin ardından daha iki futbolçusu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Antonio Mirante və müdafiəçi Juan Jezusla yollarını ayırıb.

Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edən A Seriyası klubu, onlara gələcəkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Mirante 2018-ci ildən “Roma”nın uğurları üçün çalışırdı. 37 yaşlı italyan qolkiper bu komandada keçirdiyi üç mövsüm ərzində cəmi 35 qarşılaşmada forma geyinib. “Yuventus”un yetirməsi olan qapıçı bu komanda ilə yanaşı, “Krotone”, “Syena”, “Sampdoriya”, “Parma” və “Bolonya”da da oynayıb.

Juan Jezus isə 2016-cı ildən “Roma”da idi. Braziliya millisinin sabiq üzvü “canavarlar”ın heyətində 102 matça çıxıb. 29 yaşlı futbolçu daha öncə yalnız Milan “İnter”ində oynamışdı.

Shares: