Ölkəmizi avrokuboklarda təmsil edəcək klublar susqunluğu pozur. Çempionlar Liqasında çıxış edəcək “Neftçi”, eləcə də Konfrans Liqasında debütə hazırlaşan “Qarabağ”, “Sumqayıt” və “Keşlə” heyəti komplektləşdirməyə başlayıb. Ümidi doğrultmayanlar və ya daha yaxşı təklif alanlar gedir, müqaviləsi bitənlərlə anlaşmalar yenilənir. Bundan sonra əsas mərhələ – yeni transferlər başlayacaq.

Ən maraqlı, eyni zamanda qəribə addım atan “Keşlə”di. Paytaxt klubu güclənmək əvəzinə say düzəldir. “Qəbələ”dən tanıdığımız Merab Qiqaurini düşərgəsinə gətirən bakılılar dünən 10 futbolçusu ilə müqaviləni yenilədi. Digərləri ilə işimiz yox, ancaq 2 nəfər var ki, onların qalması klubun transfer siyasətinin mahiyyətini açır.

“Keşlə”nin anlaşmanı yenilədikləri arasında 2 veteran var. Biri 36 yaşına qədəm qoyan Rail Məlikovdusa, digəri 37-nin içində olan Ruslan Əmircanovdu. Hələ onların hərəsinin yaşını 2 il azaltdığı haqda gəzən şaiyələri nəzərə almırıq…

Təbii ki, yaş ən önəmli məqam deyil, çempionatımızda 40 yaşında top qovanlar da olub. Lakin söhbət bu cütlükdən gedirsə, vəziyyət başqadı. Son mövsümdə Rail cəmi 1 matça çıxıb 45 dəqiqə oynayıbsa, Ruslan nisbətən abırlıdı – 2 oyun, 63 dəqiqə. Statistikaları göstərir ki, sözügedən müdafiəçilərin dövranı bitib, evdə oturub nəvələrinə nağıl danışan vaxtlarıdı.

Sənan Qurbanov da belə düşünür. Elə olmasaydı, “Keşlə”nin baş məşqçisi biabırçı keçən mövsümdə bu futbolçulara şans verər, onların təcrübəsindən yararlanardı. Ancaq hətta ağsaqqallığı da bacarmayan cütlüyün işi ehtiyat skamyanı isitmək oldu. Əvəzində məşqçi dəyişikliklərində, idman direktoru Ceyhun Sultanovun qovulmasında pərdəarxası xidmətləri az olmadı – zatən bacardıqları budur.

Elə bu “bacarıqlarına” görə onlarla yeni müqavilə imzalandı. Klubun Müşahidə Şurasının sədri Zaur Axundova komandanın daxilini rəhbərin istədiyi kimi nizamlayanlar lazımdı. Futbolun inkişafı, nəticələrin yaxşılaşması ən sonuncu məqsəddi.

“Keşlə”də ciddi narahatlıq var. Büdcənin azaldılması bəhanəsi ilə akademiyanın məşqçiləri qovulur, maaşlar azaldılır. Digər inzibati işçilərlə də bağlı eyni durumdu. Əvəzində istifadə müddəti bitən, lakin yüksək ödənişli “köhnə mebellər” saxlanılır. Pul şirindi, lakin onu qazanmaq üçün komandaya daha çox xeyirə verəcək, inkişaf edəcək gənclərin yerini tutmaq həm də özünə, karyerasına hörmətsizlikdi. Məlikovla Əmircanov rəhbərlikdən akademiyada işləməyi, lap əsas komandada məşqçi kimi çalışmağı xahiş etsəydi, addımları alqışlanardı. Futbolun çoxdan vidalaşdığı bu cütlük isə futbolla vidalaşa bilmir.

“Keşlə” ölkəmizi avrokubokda təmsil edəcək. Bu ağılla…

FƏRİD

Shares: