Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Romada baş tutan mətbuat konfransında bunları söyləyib:
“Avropa çempionatının açılış matçında oynamaq bizim üçün qürurvericidir. DÇ-2002-də də açılış matçının iştirakçısı olmuşduq. Sonradan həmin turnirin yarımfinalına kimi irəlilədik. Ümid edirəm ki, bu turnirdə də finala çıxarıq.
Çətin qrupda yer almışıq. Niderlandda İtaliyaya məğlub olmuşduq. Rəqib komandanın baş məşqçisi Roberto Mançini də Türkiyəni yaxşı tanıyır, vaxtilə “Qalatasaray”ı çalışdırıb. Rəqibin gücünü bilirik. Təcrübəli oyunçuları var, çox təcrübəli və güclüdürlər. İtaliyanın dünya arenasındakı yeri hər kəsə məlumdur. Böyük futbol mədəniyyətləri var. İtaliya yığmasının oyunlarını izləmişəm. Necə intizamlı çıxış etdiklərini görmək çətin deyil.
Biz də futbolu sevirik. Turnirə favorit olaraq gəlməsək də, favoritlər arasına girə bilərik. İlk oyunumuz həm taktiki, həm də texniki cəhətdən çətin keçəcək. Oyunçularımdan öz bacarıqlarını meydanda göstərmələrini istəyirəm. Matçdan sonra qazanacağımız ilk xalların sevincini yaşamaq istəyirəm.
Bu oyun həm futbolçular, həm mənim, həm də ölkəmiz üçün önəmlidir. İdman uğuru ilə yanaşı, feyr-pleyi, ölkəmizi tanıtmağı da unutmamalıyıq. Bütün futbolçularımız bu matçın həyəcanı ilə yaşayır. Sona qədər diqqətli olmalıyıq. Əks halda rəqib bundan yararlana bilər. Bu şansı qaçırmaq istəmirik. Yaddaşlarda qalmaq istəyirik. Sərgilədiyimiz futbolla iz buraxmaq istəyirik. Qazansaq da, məğlub olsaq da, qarşıda daha iki matçımız olacaq. Amma indidən Azərbaycandakı oyunlar barədə danışmaq doğru olmaz. Burada meydan sahiblərinə bağlıyıq. Səfərdə olduğumuzu hiss edirik. Amma biz də Azərbaycanda olanda, rəqiblər özlərini səfərdə hiss edəcək. İtaliyaya qol vura bilsək, bizim üçün müsbət olar. Artıq sözün bitdiyi yerdəyik. Bu vaxta qədər xəyal etdiklərimizi sabah gerçəkəşdirməyə çalışacağıq. Gözəl bir açılış olmasını istəyirik. Bizim də bu turnir üçün ilkin hədəfimiz qrupdan çıxmaqdır”.