Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutan tədbirdə Azərbaycan çempionu “Neftçi”nin də mümkün rəqibi bəlli olub.
1-ci təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo” (Tiflis) ilə qarşılaşacaq “ağ-qaralar” bu mərhələni adlayacağı təqdirdə, daha güclü rəqiblə üz-üzə gələcək. Belə ki, Bakı təmsilçisi bu mərhələdən mübarizəyə qoşulacaq “Olimpiakos”la (Yunanıstan) görüşəcək. İlk oyunlar 20-21 iyul, cavab qarşılaşmaları 27-28 iyul tarixlərində keçiriləcək. “Dinamo” – “Neftçi” cütünün qalibi növbəti raunda səfərdə başlayacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin matçları iyulun 6-7-də və 13-14-də baş tutacaq.