Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” heyətlə bağlı bütün suallara qısa müddətdə aydınlıq gətirməyə çalışır. “Kimyaçılar” ötən mövsüm xidmətindən yararlandığı futbolçuların böyük əksəriyyətini düşərgəsində saxlamağa nail olub.

Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov, Eltun Turabov, Höccət Haqverdi və Tellur Mütəllimovla yeni müqavilə bağlayan klub, tezliklə digər futbolçularla anlaşmaları da açıqlayacaq. Hamıyla razılıq əldə olunub, onların maaşlarına müəyyən əlavələr edilməklə qalmaları təmin edilib.

“Qəbələ”dən Yusif Nəbiyev və “Keşlə”dən Xəzər Mahmudovu sıralarına qatan bürünc medalçı Mehdi Cənnətovun “Zirə”yə gedişinə mane ola bilməyib, Mehdi Şərifi, Cavid İmamverdiyev və Cabir Əmirli ilə anlaşma müddətinin uzadılması isə lazım bilinməyib. Sabah Tərlan Əhmədlinin gəlişindən sonra qapıdakı problemi yoluna qoyan baş məşqçi Ayxan Abbasov digər mövqelərdəki boşluqları doldurmağa çalışacaq.

“Sumqayıt”ın transfer planları Əli Qurbaninin qərarından asılıdı. Milliləşdirilmiş fars klubu dəyişmək niyyətinə düşüb və onun addımı Abbasovun seçimlərinə təsir edəcək. Yığmamızın üzvü inadından dönməsə, ona əvəzedici axtarmaq lazım gələcək, qalmağa qərar versə, digər mövqelər üçün namizədlərə daha çox diqqət yetiriləcək.

Qurbaninin ölkəmizdə bir neçə təklifi var. Lakin “Sumqayıt”dakından daha yaxşı şərtlərlə futbolçuya üz tutanlar da istəyinə çatmır. Çünki Əli İrana qayıtmaq variantına üstünlük verir. İkiqat maaş təklifi üzündən Qurbani Azərbaycanla vidalaşmaq niyyətindədi. Hücumçu yaxın günlərdə yekun qərarını verəcək.

Shares: