Milli komandamızın üzvü Araz Abdullayev yenə legioner həyatı yaşayacaq. Türkiyənin “Boluspor” klubundan ayrılan yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək. Bu ölkənin “Anortosis”inin formasını geymiş 29 yaşlı oyunçu indi “Etnikos”a üz tutub.

Araz “Futbolinfo”ya müsahibəsində Kiprə gedişindən, planlarından danışıb. Maraqlıdı ki, ona bu işdə “Sumqayıt”ın prezidenti Riad Rəfiyev kömək edib. Klub funksionerinin menecer fəaliyyətinə davam etməsinin nə dərəcədə doğru olmasını oxucular mühakimə etsin, bizə isə futbolçuya uğur arzulamaq qalır.

– Kiprin “Etnikos” klubuna keçidin necə baş tutdu?

– Bu keçid dostum Riad Rəfiyevin və Kiprdəki bəzi agenlərin vasitəsilə alındı.

– Ötən mövsümü keçirdiyin Türkiyə birinci liqa təmsilçisi “Boluspor” qalmağını istəyirdi?

– Orada ilk vaxtlarda işlər istədiyim kimi getmirdi. Sonradan yavaş-yavaş hər şey qaydasına düşdü. Özümə gəldim və yaxşı çıxış etdiyimə inanıram. Amma yüksək liqada oynamaq istəyirdim. Bu səbəbdən də Kipr klubuna üstünlük verdim.

– Kiprdə artıq bir dəfə oynamısan…

– 2017/2018 mövsümündə Kipr liqasında oynamışam. Həqiqətən mənim üçün maraqlıdır. Yaxşı liqadır və düşünürəm ki, çox çalışaraq və komanda yoldaşlarımla ünsiyyət quraraq bura tez adaptasiya olacam.

– Kipr liqasında Azərbaycanda çıxış etmiş Baqali Dabo və Donald Gerye var. Onlarla əlaqə saxlamısan?

– Dabo ilə danışmışıq. Bura keçdikdən sonra onunla əlaqə saxladım. Kiprdə olduğum müddətdə görüşəcəyik. Gerye ilə də söhbətimiz olub. Tanış oyunçulardır və yəqin ki, daim əlaqə saxlayacağıq.

– Azərbaycanın vaxtilə ən istedadlı futbolçularından biri sayılan Araz Abdullayevi daha yaxşı liqalarda görə biləcəyik?

– İndidən nəsə demək düzgün olmaz. Amma çalışacam ki, yaxşı çıxış edim, özümü göstərim. Bundan sonra nə olacağını görəcəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp