Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Keşlə”də durum yaxşı deyil. Baş məşqçi Sənan Qurbanovun səriştəsiz qərarları indi onun özünü gülünc vəziyyətə salıb.

İdman direktoru Ceyhun Sultanovla yola getməyib, onun istefasına nail olan çalışdırıcı heyətin komplektləşdirilməsi işini üz-gözünə bulaşdırıb. Belə ki, avrokuboklar üçün heyətin gücləndirilməsi lazım gəldiyi bir vaxtda “Keşlə” bu yarışda ona kömək edə bilməyəcək futbolçu transfer edib. Futbolçunun düzgün seçilməməsi, karyerasının araşdırılmaması biabırçı duruma səbəb olub. Bakılılar reallığı biləndə artıq gec olub və ilkin ödəniş edilən oyunçudan imtina etmək mümkünsüzləşib.

Seneqallı yarımmüdafiəçi Omar Qudiabi artıq Bakıdadı, onun transferi yaxın saatlarda açıqlanacaq. Sol cinah yarımmüdafiəçisi ötən mövsüm Albaniya “Şkupi”sinin heyətində “Neftçi”yə qarşı oynamış və “Bakcell Arena”dakı oyunun (2:1) 70-ci dəqiqəsində qırmızı vərəqə almışdı. Məhz bu üzdən futbolçunun avrokubokda “Keşlə”yə yardım etməsi mümkünsüzdü.

Təbii ki, hansısa futbolçunun cəzalı olması problem sayılmamalıdı, belə hallar olur. Qırmızı vərəqə alan oyunçuların heyətə qatılmaması deyə bir qayda yoxdu. Lakin iş ondadı ki, ciddi heyət problemi olan “Keşlə” Omarı məhz Konfrans Liqası üçün transfer edib. Şəhriyar Əliyevlə Anatoli Abanq da eyni cəza üzündən ilk matçları buraxacaq. Şəhriyar ötən mövsüm “Laçi” ilə matçda, Abanq isə hələ “Şerif”də oynayarkən “Qarabağ”lı Bədavi Hüseynova qarşı karate fəndinə görə qırmızı vərəqə almışdı. “Soçi” ilə matçı buraxacaq iki əsas heyət üzvü ola-ola daha birinin gətirilməsi yarıtmazlıqdı. Nəzərə alsaq ki, maliyyə çətinliyi çəkən bakılılar məhdud büdcəylə az sayda futbolçu almağa məhkumdu , deməli, Omarın alınması ciddi qüsurdu.

Anqolalı yarımmüdafiəçi Aldair Neto, eləcə də Sloveniyanın “Maribor” klubundan ayrılan Felipe Santosu da sıralarına qatan “Keşlə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın “Soçi” klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Shares: