UEFA 2021/22 mövsümündən etibarən səfər qolu qaydasını ləğv edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.
UEFA prezidenti Aleksandr Çeferin bu qərarı belə şərh edib: “Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə səs verdi. Bu prinsip meydan sahibi olan komandaya xüsusilə ilk oyunlar zamanı rəqiblərinə üstünlük verə biləcək qoldan qorxduqları üçün hücum etməyə imkan vermirdi. Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi. Bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlki qədər önəm daşımayacaq. Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi”.