Fransanın “Nitsa” klubu İspaniyanın “Barselona” klubundan icarəyə götürdüyü Jan-Kler Todibonu birdəfəlik transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Nitsa” bu transferə görə 8.5 milyon avrosundan keçib. Amma “Barselona” bonuslarla daha 7 milyon avro qazanmaq şansına malikdir. Üstəlik, Kataloniya təmsilçisi futbolçunun sonrakı satışından da pay alacaq.

“Nitsa” Todibonu bu ilin əvvəlində 6 aylıq icarəyə götürmüşdü. 21 yaşlı fransız futbolçu bu komandanın heyətində 17 rəsmi matça çıxıb.

“Tuluza”nın yetirməsi olan Jan-Kler Todibo 2019-cu ildən “Barselona”da idi. Lakin o, bu klubda möhkəmlənə bilmədiyi üçün “Nitsa”dan öncə “Şalke” və “Benfika”ya da icarəyə verilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp