“Qarabağ” və AEL (Kipr) komandaları arasında keçiriləcək Konfrans Liqasının 3-cü mərhələsinin ilk matçının stadionu dəyişdirilib.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma avqustun 5-də, Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.
AEL ev oyunlarını Limassol şəhərindəki “Tsirion” stadionunda keçirir. Kipr klubu Konfrans Liqasının 2-ci mərhələsinin ev oyununu məhz bu stadionda keçirib. Lakin AEL “Qarabağ”ı “Tsirion”da deyil, “AEK Arena”da qəbul edəcək. Matçın stadionunun dəyişdirilməsinin səbəbi məlum deyil.
“AEK Arena” “Qarabağ”a tanış stadiondur. “Köhlən atlar” ötən mövsüm Çempionlar Liqasının 3-cü mərhələsi çərçivəsində Norveçin “Molde” komandasıyla məhz bu stadionda qarşılaşıb. Əsas vaxtı 0:0 hesabıyla bitən həmin qarşılaşmanın qalibi penaltilər seriyasında daha dəqiq olan “Molde” olmuşdu.