İllərdi futbolumuzun canına daraşan bir Zaur Axundov var. Bu idman növünə yaxından-uzaqdan dəxli yoxdu, amma himayədarlarının sayəsində şəxsi biznesini böyütmək üçün özünü bu sahəyə atıb. Futbolda heç bir nailiyyəti olmasa da, ümumiyyətlə, onu futbola heç nəyin bağlamamasına baxmayaraq, burada yuva qurub.
İşi çox sadədi: dövlət qurumlarından gələn vəsaiti xərcləmək. Ortada real iş, nəticələr olsaydı, sözümüz yoxdu, zatən bu işi kiməsə həvalə etməlidilər. Amma Axundovla bağlı vəziyyət fərqlidi. Onun rəhbəri olduğu “Keşlə” illərdi birbaşa AFFA-dan ən yüksək büdcəni alır, nəticələr isə utandırıcıdı. Klub idarəçiliyindəki səriştəsizliyinə görədir ki, ən pis nəticələr bu klubda qeydə alınır, futbolçularla, məşqçilərlə bağlı qalmaqallar, utandırıcı söhbətlər məhz paytaxt klubunda yaşanır.
Daha az büdcəyə malik klublar belə “Keşlə”dən uğurlu çıxış edir, ölkə futboluna hansısa formada xeyir verir. İstər uşaq futbolunun durumuna görə, istərsə milli komandalarda yetirmələrinin təmsilçiliyi baxımından digərləri “Keşlə”dən öndədi. Lakin dövlətdən ayrılan pullara görə bu komanda digərlərindən daha əziz tutulur. Çünki Axundovun himayədarları var. Elə bunun sayəsində Zaur bəy hətta AFFA İcraiyyə Komitəsinin üzvüdü. Deməli, nəinki “Keşlə”nin, ümumilikdə ölkə futbolunun bərbad duruma düşməsində əsas cavabdeh şəxslərdən biridi.
Bütün mövsüm boyu ən böyük biabırçılıqlar “Keşlə”nin oyunlarında yaşandı. Hakimlərin sayəsində son pillədən qurtulmağı bacaran komanda ölkə kubokunu da qara yollarla qazandı. Xronologiyaya diqqət yetirsək, Axundovun hansı hoqqalardan çıxdığını görərik. Əzələ nümayiş etdirib məqsədinə çatan Zaur bəyin bacarığının sərhədi məhz avrokuboklarda bilindi. Qitə yarışlarında mərhələ keçməməyi bir yana, ölkə reytinqinə xal gətirməyən yeganə komanda məhz “Keşlə” oldu. Hətta büdcəsi bakılılardan ikiqat az olan “Sumqayıt” Serbiyada uduzmadığı halda, Axundovun komandası 2 oyuna 7 qol buraxıb hamımızı utandırdı.
Yenə eyni ssenari davam edəcək, kimsə Zaur bəydən hesabat istəməyəcək. Lakin istəməlidi, ona bu pulu ayıran AFFA rəhbərliyi izahat tələb etməlidi. “Keşlə” kimi qondarma, faydasız, oyuncaq kluba maliyyə ayırdığı üçün “yuxarılar” da AFFA-dan hesabat istəməlidi. Yardıma daha çox ehtiyac duyan bölgə komandaları Premyer Liqaya həsrət qoyulduğu bir zamanda belə vecsiz kluba niyə illik 5-6 milyon manat ayrılsın ki?
AĞA