“Qarabağ” Ramil Şeydayevdən sonra daha bir sabiq futbolçusunu geri qaytarır. Riçard Almeyda 2 illik fasilədən sonra yenə Ağdam klubunun formasını tərlədəcək.
Bu həftə yeni transferlərini ardıcıl rəsmiləşdirmək niyyətində olan “Qarabağ” yəqin ki, ilk açıqlamanı məhz Almeydayla bağlı edəcək. Uzun müddətdi gözlənilən bu transferdə son nöqtə dünən qoyulub. Braziliyalı 3-cü dəfə “atlılar”ın şərəfini qorumaq imkanı qazanacaq.
Milliləşdirilərək yığma komandamıza çağırılan Riçard ölkəmizə Portuqaliya “Jil Visente”sindən 2011-ci ildə gəlmişdi. 7 il ərzində ağdamlılarla bir sıra uğurlara imza atan futbolçu, 163 matçda 38 qol vurmuşdu. 2018-də Qazaxıstan “Astana”sına gedən yarımmüdafiəçi burada uğurlu olmamış (8 oyun, 1 qol) və növbəti ilin əvvəlində icarə əsasında Ağdam klubuna qayıtmışdı – 28 oyun, 8 qol. 2020-ci ildə növbəti dəfə Azərbaycandan ayrılan Almeyda Birləşmiş Ərəb Əmirliklərinə üz tutmuş, amma “Baniyas”da işləri uğurlu getməmişdi. Cəmi 8 matçda forma geyən (1 qol) braziliyalı milli komandadakı yerini də itirmişdi.
Ötən ilin sonunda ölkəmizə qayıdan, bu dəfə “Zirə”ni seçən Riçardla müqavilə müddəti mövsümün sonunda yekunlaşmışdı. Futbolçu xahişi nəzərə alınaraq, komandayla birgə məşq etsə də, yoxlama oyunlarına buraxılmır, onunla yeni anlaşma imzalanmırdı. Qəsəbə təmsilçisi futbolçuyla əməkdaşlığı davam etdirməkdə maraqlı deyildi. Almeyda isə növbəti dəfə “Qarabağ”a qayıtmağa can atırdı və istəyinə nail oldu.
“Qarabağ” Riçardı yerli oyunçu statusunda olduğunu nəzərə alaraq, sıralarına qaytarıb. Baş məşqçi Qurban Qurbanovun tələblərini yaxşı bilən oyunçu böyük maaş tələb etmədən geri dönüb və yəqin ki, onu daha çox ehtiyat oyunçular skamyasında görəcəyik.
Əslində, Almeyda ağdamlıların transfer planlarında yox idi. Sadəcə, Uroş Matiçin qəfil ayrılığından sonra yarımmüdafiə xəttinin təcrübəli oyunçuyla gücləndirilməsinə ehtiyac yaranmışdı. Belədə Almeyda variantının üzərində dayanılıb. Riçard özü “Qarabağ”a can atdığından tərəflərin razılaşması çətin olmayıb.
Milli komandamızda 18 dəfə forma geymiş braziliyalının transferi gün ərzində açıqlanmalıdı.