“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Qurbanov, bunları deyib:
“Hər üçü ciddi rəqibdir. İki komanda – “Kayrat” və “Omoniya” öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də, hər oyuna ciddi yanaşmalıyıq. “Bazel”in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də, çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük”.
“Qarabağ” H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) klubları ilə mübarizə aparacaq.