Canni de Byazi milli komandanın heyətini açıqladı və gözlənildiyi kimi, Filip Ozobiçə debüt şansı verdi. Yarımmüdafiəçi yığmamızda çıxış edən Braziliya, Nigeriya, Anqoladan olan saysız əcnəbilərin siyahısına qoşuldu.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq millimizin düşərgəsində 25 futbolçu olacaq. Son vaxtlar ehtiyatda qalan Ozobiçin karyerasında eniş olan zaman dəvət olunması, formada olmadığı aşkar görünən Bəhlul Mustafazadənin seçilməsi, aldığı zədədən sonra uzun müddətdi meydan üzü görməyən Namik Ələskərovun namizədlər sırasında olması təəccüblüdü.
İstənilən halda, seçim italiyalı baş məşqçinindi və məsuliyyət onun boynundadı. Lakin o da var ki, de Byazinin kənarda qoyduğu kiminsə adını çəkmək olmur. Milliyə layiq oyunçuların demək olar hamısı dəvət alıb. Sadəcə, AFFA ölkədə futbolu elə bərbad duruma salıb ki, rəqabət yoxdu, namizədlərin suyahısı çox yığcamdı.
“Qarabağ”ın 9 nəfərlə təmsil olunduğu siyahıda çempionatın hazırkı lideri “Sumqayıt”ın 6 üzvü var. Autsayderlərdən “Zirə” 3, “Keşlə” 1 oyunçusunu millinin düşərgəsinə göndərib. Elə ölkə çempionu “Neftçi” də yığmada yeganə üzvüylə təmsil olunur. “Qəbələ”, “Səbail” və “Sabah”dan kimsənin adı siyahıda yoxdu. Digər 5 futbolçu legionerdi.
Ən maraqlısı odur ki, milli komandanın heyətinin tən yarısı Azərbaycanda yetişməyənlərdi. Elə bu fakt AFFA-nın indiki rəhbərliyinin ötən 14 ildə papağını günə yandırdığını deməyə əsas verir. Qurum ölkədə futbolun inkişafını, yeni istedadların üzə çıxarılmasını təmin edə bilmədiyindən başqa ölkələrdə bizimlə kiçicik bağlılığı olanları və ya saxta yollarla farsları, rusları düşərgəyə qatıb. Bununla boşluğu dolduran, öz eyiblərini örtən AFFA MİLLİ deyil, YIĞMA komanda formalaşdırmağa çalışır.
Budəfəki siyahıda Rusiyadan 6, Ukraynadan 3, İrandan 2 və Xorvatiyadan 1 nəfər var. Mahaçqalada doğulmuş Mehdi Cənnətovla Şahrudin Məhəmmədəliyev, top oyununun sirlərini Sankt-Peterburqda öyrənmiş Elvin Bədəlovla Ramil Şeydayev, Moskva uşağı Rəhim Sadıxov Rusiyadan “oğurladıqlarımızdı”. Düzdü, Emin Mahmudov Saatlıda doğulub, lakin o da top qovmağı Rusiyada öyrənib, “Saturn”un yetirməsidi.
AFFA-nın Ukraynada “kəşf etdiyi” Anton Krivotsyuk Kiyev, Anatoli Nuriyev Mukaçevo, Rüstəm Əhmədzadə Xmelnitski yetirməsidi. İranın Məşhəd şəhərində doğulmuş Höccət Haqverdiylə Sevadukda dünyaya gələn Əli Qurbani isə milliyətcə farsdı – onlar saxta yolla pasport alıblar. Və nəhayət, Xorvatiyanın Belovar şəhərində böyümüş Filip Ozobiç yalnız ölkəmizdə 5 ildən çox yaşadığı üçün millimizin formasını tərlədəcək.
RUSİYA
Mehdi Cənnətov
Şahrudin Məhəmmədəliyev
Elvin Bədəlov
Ramil Şeydayev
Rəhim Sadıxov
Emin Mahmudov
İRAN
Höccət Haqverdi
Əli Qurbani
UKRAYNA
Anton Krivotsyuk
Anatoli Nuriyev
Rüstəm Əhmədzadə
XORVATİYA
Filip Ozobiç
Gördüyünüz kimi, milliyə çağırılanların tam yarısı Azərbaycanda yetişməyənlərdi. Və bu, indiki siyahıdı. AFFA-nın indiki rəhbərliyinin dövründə milliləşdirilən və ya əvvəlkilərin zamanında aldıqları pasportlarla oynadılan, yararsız olduqlarından əksəriyyəti 1-2 matça dəvət alanların siyahısı daha genişdi:
Dmitri Nazarov (Qazaxıstan)
Cihan Özkara (Almaniya)
Ufuk Budak (Almaniya)
Fabio Luis Ramim (Braziliya)
Arif Daşdəmirov (Rusiya)
Məhəmməd Mirzəbəyov (Rusiya)
Ernani Pereira (Braziliya)
Andre Ladaqa (Braziliya)
Usim Nduka (Nigeriya)
Əli Gökdəmir (Almaniya)
Sergey Sokolov (Rusiya)
Eddi İsrafilov (İspaniya)
Pərdis Fərcad-Azad (Almaniya)
Tuğrul Erat (Almaniya)
Məhəmməd Qurbanov (Rusiya)
Pavel Paşayev (Ukrayna)
Markus Ferreyra (Braziliya)
Andrey Popoviç (Ukrayna)
Uğur Pamuk (Almaniya)
İltər Taşkın (Almaniya)
Abdulla Abatsiyev (Rusiya)
Emin Nuri (Bolqarıstan)
Dəniz Yılmaz (Almaniya)
Bu futbolçuların heç biri Azərbaycan futbolunun yetirməsi deyil. Milli komanda eksperiment meydanıymış kimi, əksəriyyəti dəvət olunub, say düzəldilib və yola salınıb. Aşağı yaş qruplarında belələrinin sayı daha çox olub. 100-dən çox milliləşdirilənə azərbaycanlı balalarının qarşısı kəsilərək şans verilib, mütləq əksəriyyəti əsas komandaya yüksəlməyib, 90-95 faizi indi ya karyerasını bitirib, ya da həvəskar komandalardadı.
AFFA rəhbərliyi həmişə bu qayda ilə işləyib, əcnəbiləri milli komandaya doldurub, yerli gənclərin yetişməsini, inkişafını təmin etməyib. Yekun nəticə, acı reallıq göz önündədi: milli komanda Rövnəq Abdullayev – Elxan Məmmədov tandemi hakimiyyətə gələndə hansı vəziyyətdə idisə, yenə eyni yerdədi – həm reytinqdə, həm nəticələr baxımından.
Halbuki bu ölkədə futbolun inkişafının mümkün olduğunu sübut edən klublarımız var. “Qarabağ” illərdi ölkə futbolunun yükünü çiynində daşıyır, bir ara “Qəbələ” də AFFA-nın səriştəsilərinin əlinin yetmədiyi yerlərdə inkişafın, yaxşı nəticələrin mümkün olduğunu sübut etdi.
Təsəvvür edin, sentyabrın 1-də ərazisi bizdən 30 dəfə kiçik, əhalisi 614 min olan Lüksemburq önünə 10 milyonluq Azərbaycan bu heyətlə çıxacaq:
Qapı – dağıstanlı Məhəmmədəlyev və ya Cənnətov;
Müdafiə – Rusiyada yetişən Bədəlov, fars Haqverdi, ukraynalı Krivotsyuk;
Yarımmüdafiə – moskvalı Sadıxov, “Saturn” yetirməsi Mahmudov, Ukraynada böyümüş Nuriyev və Əhmədzadə, xorvat Ozobiç;
Hücum – Rusiyada püxtələşmiş Şeydayev və fars Qurbani.
Bəs, ötən 14 ildə AFFA rəhbərliyi pul yeməkdən başqa nə edib?
CAVAD