“Sabah”ın yay transfer dönəmində heyətinə qatdığı Kristian Sebalyosla bağlı yaranmış sənəd problemi öz həllini tapıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Sportinfo.az-a komandanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ispaniyalı yarımmüdafiəçinin lazım olan bütün sənədləri artıq kluba göndərilib. Onun Premyer Liqanın növbəti turunda “Qəbələ”yə qarşı meydana çıxması üçün heç problem yoxdur.
28 yaşlı oyunçunun transferi 8 avqust rəsmiləşsə də məlum problemə görə, o, Premyer Liqanın arxada qalan hər iki turunu da kənardan izləməli olub.
“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında çıxış edib.
Kristian “Sabah”da 11 nömrəli formada çıxış edəcək.