Canni de Byazi daha əvvəlki adam deyil. Azərbaycana gələndə azarkeşlərin ürəyini oxşayan açıqlamalar verən italiyalı Elxan Məmmədova oxşamağa başlayıb. Artıq o da AFFA-nın icraçı vitse-prezidenti kimi danışır.
Azərbaycan futbolunun böyük perspektivindən dəm vuran, yüksək nəticələr qazanmağın mümkünlüyünü dilə gətirən de Byazi indi fərqli sözlər deyir. Xaricdə legionerlərimizin artdığı, “Qarabağ”ın avrokuboklarda yazdığı tarixi yenilədiyi bu günlərdə o, ümidsiz açıqlama verib. Sən demə, milli komandamız hətta Lüksemburqu üstələməyə qadir deyilmiş.
İtaliyalı ölkəsinin mətbuatına müsahibəsində deyib: “Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz”.
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq. Normalda bu komandaların hamısından, o cümlədən Bakıda qarşılaşacağımız Portuqaliyadan xal almaq mümkündü. De Byazi isə indidən özünə bəhanə çətiri hazırlayır. Məğlubiyyətlər sıralanacağı halda AFFA rəhbərliyinin özünü qorumaq üçün onu günah keçisi seçib istefaya göndərəcəyini düşündüyündən Canni belə danışır.
Bu, bir yandan Azərbaycanı, onun futbolunu aşağılamaqdısa, digər tərəfdən AFFA-nın indiyə qədər heç bir iş görməməsinin ifşasıdı. Perspektiv yoxdusa, sonuncu pilləni tutacağıqsa, o zaman 1 milyon avro maaş alan əcnəbi baş məşqçiyə nə gərək var? Futbolçuları sayıb meydana buraxmağı istənilən sıradan yerli məşqçi də bacarar.
Bəlkə də de Byazi Azərbaycana həqiqətən böyük ümidlərlə, işləmək həvəsiylə gəlmişdi. Lakin AFFA-nın iş prinsipləri ilə tanış olduqdan, futbolun inkişafının heç kimi maraqlandırmadığını gördükdən sonra belə qənaətə gəlib. Gününü keçirib pulunu qazanmaq, AFFA-dakıların tapşırığıyla heyət seçib tsikli yekunlaşdırmağa çalışır. Elxan Məmmədov 14 ili bu şəkildə başa vurub, hələ də vəzifə başındadı, kimsə ondan hesabat istəmir. O zaman de Byazi niyə fərqli düşünsün, yaxşı nəticə üçün çalışsın ki?
Dövlətin idmanın inkişafına cavabdeh məmurlarının susqunluğu da bu adamları cəsarətləndirir, belə sərsəm açıqlamalar verməyə həvəsləndirir. Siyasət və hərb meydanında darmadağın etdiyimiz Ermənistanın milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üzrədi, de Byazi isə millimizi hətta cıtrdan Lüksemburqdan aşağıda görür. Bunu özünə yaraşdıran AFFA rəsmiləri susur, yəqin onlar da Azərbaycanı rəzil durumda görmək istəyir. Ermənilər kimi…
FƏRİD