Vüsal İsgəndərli Türkiyədə ilk qolunu vurdu. Bu mövsümdən “Keçiörengücü” forması geyən hücumçu qardaş ölkənin I liqasında III turun oyunu çərçivəsində fərqləndi. “Keçiörengücü” öz meydanında “Adanaspor”u 2:0 hesabıyla məğlub etdi, Vüsal isə 85 dəqiqə oynadığı matçın 52-ci dəqiqəsində komandasının ikinci qoluna imza atdı.
Vüsalla bu oyun ərəfəsində danışmışdıq. O, diqqətdən kənar qalmasından, milliyə dəvət almamasından gileylənmişdi. Bəlkə də elə bu hirslə oyuna çıxdı və onu yığmanın düşərgəsinə çağırmayanları utandıracaq futbol sərgilədi.
– “Keçirörəngücü”ndə işlərin necə gedir?
– Türkiyədə hər şey yaxşıdır. Şərait çox üst səviyyədədir. Hər şey məni qane edir. Öz üzərimdə çalışıb daha yaxşı olacağıma inanıram.
– Sənə münasibət necədir?
– Burda mənə münasibət çox yaxşıdır. Hər kəs isti münasibət göstərir, dəstək olur. Klub prezidenti, məşqçilər – hər kəs əlindən gələni edir.
– Komandan yeni hücumçu transfer edib. Bu, sənin işini çətinləşdirməyəcək?
– Rəqabətin olması çox yaxşıdır. Mənə mane olmayacaq. Əsas odur ki, komandaya xeyir verməyə çalışıram. Əsas məqsədim komandama faydalı olmaqdır. Rəqabətin forvard kimi inkişafıma yol açacağını düşünürəm. Özümə də güvənirəm.
– Legioner həyatı yaşasan da, milliyə dəvət almadın…
– Əslində, milliyə dəvət alacağıma çox inanırdım. Son matçdan sonra da hamı belə düşünürdü. Çünki yüksək səviyyədə oynamışdım. Həm ilk “11-lik”də meydana çıxmışdım, həm də xaricdə oynamağıma görə yığmada olacağıma inamım çox idi. İndiki durumda mənim üçün milliyə dəvət almaq da vacib idi. Çünki 2 matçdan sonra mənə qarşı maraq, diqqət başqa səviyyədədir. Yığmaya çağırılsaydım, çox yaxşı olardı. Belə oldu, xeyirlisi.
– Yığmadan hansı nəticəni gözləyirsən?
– Komandanın hər 3 oyunda qələbə qazanacağına inanıram. Başqa şey haqqında danışmaq istəmirəm. Sadəcə, məni təsir edən odur ki, legioner həyatı yaşayan milli futbolçular haqqında danışanda “Legiya”da çıxış edən Mahir Emreli, “Visla”da oynayan Anton Krivotsyuk, “Bursaspor”da olan Namiq Ələsgərov yada salınır, mən yox. Nədənsə bircə məni unudublar. Milli komandanın məşqçisi Arif Əsədov da son açıqlamasında belə danışdı. Burda da həmin açıqlama birmənalı qarşılanmadı. Dedilər ki, niyə millinin məşqçisi səndən söz açmadı? Problem deyil, hər şeyin zamanı var. Baş məşqçimiz dünən yığmaya dəvət almadığımı biləndə mənə dəstək oldu, sadəcə, oyunlara belə davam etməli olduğumu bildirdi.
CAVAD