Mamadu Kanenin taleyinə yaxın günlərdə aydınlıq gələcək. Afrikalı yarımmüdafiəçi transfer olunacağı “Olimpiakos”la şəxsi müqaviləsinin detallarını müzakirə etmək üçün Afinadadı.
2019-cu ildən “Neftçi”də oynayan qvineyalı bakılıların icazəsi ilə Yunanıstana yollanıb. Belə ki, təmsilçimizlə müqaviləsi davam edən yarımmüdafiəçi “Olimpiakos”la ortaq məxrəcə gələ bilsə, transfer reallaşacaq. İki klub öz aralarında anlaşıb, qalır futbolçunu razı salmaq.
Hazırda bakılıların bu futbolçuya ehtiyacı var. Amma həm futbolçu getmək istəyir, həm də yunanlar Kane üçün yaxşı məbləğ təkilf edib. Belədə ötən ilin yanvarında 50 min avroya alınan futbolçunu bunun 20 qat bahasına satmaq əlverişlidi. Çünki yunanların Mamadu üçün 700 min – 1 milyon avro aralığında bir məbləğ təklif etdiyi deyilir.
“Neftçi”nin Kaneylə vidalaşmaq istəməsi təkcə yaxşı transfer haqqına görə deyil. Bakılıların bu oyunçudan ən azı qışa kimi istifadə etməsi də mümkündü. “Olimpiakos” Mamadunu aldıqdan sonra onu bakılılara icarəyə verməyi düşünür. Belədə Kane indi “Neftçi”də aldığı maaşa oynayacaq, pireylilər isə şəxsi müqaviləyə görə vəd etdiyi pulu ödəyəcək.
Kanenin elə indi getməsi də mümkündü. Amma bunun üçün onun Pireydəki həmyerlisi Madi Kamara satılmalıdı. Yunanlar bu yarımmüdafiəçi üçün ciddi təklif alıb. “Neftçi”yə qol vurmağı bacaran bu oyunçu indi satılsa, Mamadu onu əvəz etməyə gedəcək, əks halda, hələ bir müddət Bakıda oynayacaq.
Xatırladaq ki, yunanlar Kaneni “Neftçi”yə qarşı Çempionlar Liqası matçlarında bəyənib.