Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin İtaliya mətbuatına verdiyi açıqlama ölkəmizdə etirazla qarşılandı. Təcrübəli mütəxəssis vətənindən olan həmkarlarımıza müsahibəsində millimiz haqda aşağılayıcı ifadələr işlətmişdi. Belə ki, o, yığmamızın heç bir şansının olmadığını, qrupda sonuncu yeri tutmağa məhkum olduğumuzu bildirmişdi.

Futbolinfo.az de Byaziylə danışıb, belə düşüncələrinin səbəbini öyrənməyə çalışdı. Lakin o, and-aman etdi ki, fikirləri təhrif olunub: “Mən italiyalı jurnalistə mesaj göndərdim və orada nə demək istədiyimi, onun fikirlərimi təhrif etdiyini yazmışam. Əslində demək istəmişəm ki, qrupumuzda Portuqaliya və Serbiya ilk 2 pillə üçün yarışacaq. İrlandiya, Lüksemburq və Azərbaycan isə sonuncu olmamaq üçün mübarizə aparacaq. Həmin jurnalist məndən üzr istədi və müsahibəni dəyişdirəcəyini bildirdi”.

De Byaziyə inanmaq istəyirik. Amma səmimiyyətində əmin deyilik. Bir müddət öncə futbolinfo.az-a müsahibə vermək istəyən, növbəti cəhdimizdə bundan boyun qaçırıb səbəbini AFFA-nın qadağa qoyması ilə əsaslandıran de Byazi nədənsə bu dəfə icazəyə ehtiyac duymadı. Yəqin quyruğu qapı arasında qalanda, kömək üçün kimdən mədət umulduğunu yaxşı bilir. Biz isə obyektivlik naminə italiyalıya tribuna verdik. Borcumuz olsun…

Shares: