“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Keşlə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Hazırda milli komandanın oyunlarına görə çempionatda fasilə yaranıb. Bizim də 6 futbolçumuz əsas millinin, 2 futbolçumuz isə U-21-in düşərgəsindədir. Yaranmış bu fasiləni biz də səmərəli şəkildə dəyərləndirmək istəyirik. Bu müddət üçün iki yoxlama oyunu planlaşdırmışdıq ki, onların birincisini bu gün “Keşlə”yə qarşı keçirdik. Geridə qalan iki turda iştirak etməyən və az vaxt alan futbolçuları bu gün meydana buraxdıq ki, onları da 90 dəqiqə ərzində iş başında görək. Əvəzedici komandanın gənc futbolçularına da bu gün şans verdik. Onlar da oyunun tempinə rahat uyğunlaşa bildilər. Maraqlı oyun oldu. Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”.