Frits Stuxlikin yarıtmaz işinin nəticələri üzə çıxmaqdadı. Avstriyalını AFFA Hakimlər Komitəsinə sədr gətirənlərin də durumdan məmnun olmadığıma ümid edirik.

Stuxlikin təyinatı zamanı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov (o zaman yalnız baş katib vəzifəsindəydi, indi iki kresloda əyləşib – red.) ağzı köpüklənə-köpüklənə bu təyinatın faydalılıq perspektivindən danışırdı. Guya ki, avstriyalının sayəsində beynəlxalq futbol təşkilatları ilə əlaqələr genişlənəcək, FIFA referilərimizin, onların təyinatlarının sayı artacaq.

Amma statistika göstərir ki, artan yalnız Fritsin özünün təyinatlarıdı. Hər ay hansısa beynəlxalq oyuna təyinat alıb qonorar qazanan sədr, Azərbaycan hakimliyinin inkişafı üçün heç nə etməyib. Əksinə, təcrübəli fit sahiblərini komitədən uzaqlaşdırıb, güvəndiklərinin isə bacarıqsızlığını UEFA-da da görürlər.

Bu il 3 FIFA referimizdən Əliyar Ağayev 3  təyinat alıb. O, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Danimarka – Moldova (8:0) görüşünü idarə edib, daha sonra Konfrans Liqasında “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) (2:1) və “Gent” (Belçika) – “Rakov” (Polşa) (3:0) matçlarında fit çalıb. Bundan başqa Yunanıstan çempionatında 2 matç idarə edən Ağayev Türkiyə və Qvineya milliləri arasında yoldaşlıq oyununda görünüb. Lakin son 3 matçı UEFA təyinatı saymamalıyıq, çünki yunanların və türklərin istəyinə uyğun olaraq, Əliyarı sözügedən oyunlara AFFA göndərib.

Normalda Ağayev kimi daha üst kateqoriyaya daxil olan hakim ən azı ayda bir dəfə UEFA-dan təyinat almalıdı. Amma AFFA bunu təmin etməyi bacarmayıb, Stuxlikin nüfuzu Məmmədovun mədh etdiyi qədər deyilmiş. Onun “day-dayı” Kiros Vassaras Fritsin Azərbaycana gəlməsi üçün aldığı “mükafatı” xərcləyəndən sonra biz tərəflərə baxmır.

Xatirladaq ki, 2013-cü ildən FIFA referisi olan Əliyar sabiq sədr Xaqani Məmmədovun yetirməsi sayılır. Məhz bu şəxsin dövründə üzə çıxan referi ölkədə “1 nömrə” olduğu üçün bugünədək beynəlxalq arenada hakimliyimizin imicini üst səviyyədə qoruyur. Stuxlik ondan vaz keçə blmir, öz güvəndikləri isə adbatırandı.

Artıq 3-cü ildi beynəlxalq dərəcəli hakim kimi karyerasına davam edən Rauf Cabbarovun bu adı başqa layiqli namizəd olmadığı üçün alması sirr deyil. Hətta Premyer Liqa matçlarının öhdəsindən gələ bilməyən bu referinin 3 il ərzində cəmi 9 təyinat alması dediklərimizin sübutudu. 2021-də yalnız Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin iyulun 22-də baş tutan “Teuta” (Albaniya) – “İnter” (Andorra) (0:2) görüşündə fit çalan referi UEFA üçün önəmsiz biridi. Etibarlı, bacarıqlı hakim olsaydı, onun son 2 təyinatı arasında 8 aylıq fasilə olmazdı. Yalnız Gənclər Liqasının və ya aşağı yaş qrupları üzrə millilərinin qarşılaşmalarına çağırılması da başqa bir düşündürücü məqamdı.

Stuxlikin şəxsi rəğbəti, xüsusi qayğısı ilə FIFA referisi olmuş Elçin Məsiyev isə bu gedişlə çox istirahət edəcək. Ötən mövsüm daxili yarışlarda səhvləriylə, qərəzli qərarlarıyla “sifariş yerinə yetirən hakim” imici qazanmış Elçin, beynəlxalq dərəcə daşıdığı ilk ildə cəmi bir təyinat alıb. İyulun 15-də Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Petroklub” (Moldova) – “Sileks” (Makedoniya) matçında meydan sahiblərinin 1:0 hesablı qələbəsini qeydə alan hakimdən ciddi narazılıq olub. Elə bu üzdən oyunun hakim-inspektoru onu çox aşağı (4-5 arası – red.) qiymət yazıb və hələ uzun müddət təyinat almasa, təəccüblənməməliyik.

Beləliklə, 2021-in ilk 8 ayında 3 FIFA referimiz cəmi 5 təyinat alıb. Qitə kuboklarında daha gərgin mərhələnin başladığını nəzərə alsaq, təsnifatlarda güvənilən Cabbarovla Məsiyevin ölkə xaricinə həsrət qalacağını deyə bilərik. Stuxlikə inananlar, onun hələ də faydalı biri olduğunu düşünənlər bu statistikaya baxsa, pis olmaz. Nəzərə alın ki, Fritsin özünün hakim-inspektor getdiyi matçlar bizim yox, Avstriyanın hesabına yazılır.

CAVAD

Shares: