Coşqun Diniyevin “Sabah”dan ayrılması təsadüfi deyilmiş. Dünən paytaxt klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan yarımmüdafiəçi tezliklə yeni iş yerində görünəcək.

Futbolinfo.az xəbər verir ki, müqaviləsi dekabrda bitməli olan 26 yaşlı oyunçu “Sabah” rəhbərliyi ilə yeni anlaşma üçün görüşüb. O, təkliflərinin olduğunu əsas gətirərək klubun onunla bağlı düşüncələrini bilmək istəyib. “Sabah” isə Coşqunla müqaviləni uzatmaq niyyətində olmadığından getməsinə etiraz etməyib.

Beləliklə, 2019-cu ilin yanvarından “Sabah” forması geyən, meydana çıxdığı 54 oyunda 2 qola imza atan Diniyev azad agentə çevrilib. O, bu gün digər paytaxt təmsilçisi ilə müqavilə bağlamalıdı.

Coşqunun 2 seçimi var idi. Mamadu Kaneni “Olimpiakos”a satan “Neftçi” dayaq bölgəsinə məhz belə futbolçu axtarır. Üstəlik, yerli oyunçu baxımından sıxıntı çəkən “ağ-qaralar” vəziyyəti düzəltmək üçün ona elçi düşüb. Amma Diniyev onunla bir neçə aydı maraqlanan “Zirə”nin təklifinə üstünlük vermək niyyətindədi. Müqavilə demək olar, razılaşdırılıb, xırda detallar da yoluna qoyulunca transfer rəsmən açıqlanacaq.

Shares: