“Qəbələ”nin 19 yaşlı sol cinah müdafiəçisi Rüfət Əhmədov üçün il erkən bitdi. Əyalət təmsilçisinin limit oyunçusu kimi güvəndiyi əsas sima azı 6 ay oynamayacaq.

Futbolinfo.az xəbər verir ki, Rüfət Premyer Liqanın 2-ci turu çərçivəsində “Keşlə”ylə ev oyununda (2:1) zədələnmişdi. 85-ci dəqiqədə əvəzlənən oyunçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Dizinin xaçvari bağı qırılan müdafiəçi tezliklə əməliyyat olunmalıdı.

Amma Rüfət hələlik ölkədən çıxa bilmir. Eyni zamanda koronavirusa yoluxan oyunçu bu problem bitdikdən sonra cərrah masasına uzanacaq. Onun Almaniyada əməliyyat olunması planlaşdırılır.

Əhmədov bu səbəbdən U-21 millisinin də heyətindən çıxarılıb. 2023-cü il Avropa çempionatının seçmə mərhələsində səfərdə sentyabrın 2-də Xorvatiya, sentyabrın 7-də Avstriya yığması ilə qarşılaşacaq komandamız onsuz mübarizə aparmalı olacaq. Baş məşqçi Milan Obradoviç Rüfətin yerinə başqa oyunçu dəvət etməyib.

Shares: