Bu gün 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq sayca ikinci Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, komandamız əsas mərhələdə Xorvatiya, Belarus və Latviya ilə üz-üzə gələcək.

Qrup oyunları Xorvatiyada təşkil olunacaq. Rəqiblərlə bağlı U-19-un baş məşqçisi Ağatahir Əzimov federasiyanın rəsmi saytına açıqlama verib:

“Normal qrupa düşmüşük. Rəqiblərimiz arasında Rusiya, Portuqaliya, İspaniya kimi daha güclü komandalar da ola bilərdi. Amma hazırkı rəqiblərimizə qarşı mübarizə aparmaq mümkündür. Bilirəm, Xorvatiya ilk çempionatın finalçısı olub. Həmin görüşü izləmişdim. Demək olar, müdafiədən çıxmırdılar. Ümumi götürsək, bizim üçün komandaların əksəriyyəti güclüdür. Ancaq vaxtımız var, hazırlaşacağıq.

Sevindirici məqamlardan biri U-19-un yeni mövsümdən Yüksək Liqada iştirak edəcəyidir. Bu da bizə təcrübə qazandıracaq. Ona qədər isə MDB ölkələri oyunlarında özümüzü sınayacağıq. Sentyabrın 5-də səfərə yollanacağıq. Qeyd edim ki, bir ilə yaxın idi məşq etmirdik, amma bu yarışa hazırlıq məqsədi ilə bir neçə toplanışımız olub. Hətta toplanışlardan biri ölkədən kənarda baş tutub. Heyəti də formalaşdırmağa çalışırıq. U-19 həssas yaş qrupudur. Bir neçə futzalçımız hərbi xidmətə yollanıb.

Komandaları ayrılıqda dəyərləndirsək, Xorvatiya ilə oyunumuz daha çətin olacaq. Ancaq Belarus və Latviya ilə matçlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Meydan düz, top yumurudur. Heç kimdən çəkinmək lazım deyil. Uşaqları da psixoloji baxımdan hazırlaşdıracağıq. Elə edəcəyik ki, nəticələrimiz müsbətə doğru dəyişsin”.

Shares: