İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Sevilya”dan Luk de Yonqu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı hücumçu 2022-ci ilin yayına qədər icarə əsasında “Barselona”da çıxış edəcək.
Kataloniya klubu 31 yaşlı hücumçunu pulsuz icarəyə götürüb. Amma futbolçunun illik məvacini məhz “Barselona” ödəyəcək.
Luk De Yonq 2019-cu ildən “Sevilya”da çıxış edirdi. Niderland milli komandasının da üzvü olan hücumçu, bu komandada meydana çıxdığı 94 oyunda 19 qola imza atıb. Futbolçu daha öncə “De Qrafşap”, “Tvente”, “Borussiya” (Mönhenqladbax), “Nyukasl” və PSV klublarının da formasını geyinib.
“Barselona” öz hücumçusu Rey Manayı isə İtaliyanın “Spetsiya” klubuna icarəyə verib. A Seriyası təmsilçisi bir illik icarəyə götürdüyü futbolçuya görə Kataloniya təmsilçisinə 300 min avro və hücumçunun maaşını ödəyəcək. İtaliya klubu Albaniya yığmasının da üzvü olan oyunçunu birdəfəlik transfer etmək istəsə, bunun üçün 2.7 milyon avro ödəməli olacaq. Manay ötən mövsüm “Barselona”nın B komandasında 22 oyuna vurduğu 14 qolla bombardir olub.
“Barselona”nın yarımmüdafiəçisi İlayş Moriba isə Almaniyanın “Leyptsiq” klubuna transfer olunub. 18 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Almanların bu keçidə görə İspaniya klubuna 16 milyon avro ödəyəcəyi bildirilir. 6 milyon avro bonus da nəzərdə tutulub. Kataloniyalılar futbolçunun növbəti satışından da 10 faiz gəlir əldə edəcəklər.
Moriba “Barselona”nın əsas komandasında meydana çıxdığı 18 matçda 1 qol vurub.