Milli komandanın çarter reysləri kef məclisləriylə yadda qalır. AFFA-da bir qrup məmur var ki, təyyarədə, oteldə, stadionda ancaq “vurmaqla” məşğul olur. Xərci assosiasiyanın büdcəsinə yükləyirlər, viskiylə dəmlənirlər və nəticələri veclərinə almırlar…
Yəqin, Lüksemburqa uçan təyyarədə də badə qaldırılıb, tostlar deyilib. İrlandiyaya gedəndə eyni şeyi təkrar edəcəklər. Bir-birinin şərəfinə sağlıq deyəcəklər.
***
Milli komandamız qrupda ardıcıl 3-cü məğubiyyətini aldı. Bu dəfə “cırtdan” Lüksemburq önündə rəzil olduq.
Nəticəyə görə məşqçiləri, futbolçuları qınamaq olar. Amma problem fərdlərdə deyil, 14 ildi məşqçiləri də, heyəti də dəfələrlə dəyişmişik, hər cür eksperiment etmişik, yekun isə dəyişməz qalıb. Hokkey ölkələri, ərazisi bir rayonumuz boyda olan, əhalisi 5-6 binaya yerləşəcək ölkələr futbol oynamağı öyrənib, bizdə isə hələ də məğlubiyyətə “aşağı”da günahkar axtarılır. Halbuki futbol sistemi çürükdü, idarəçilər səriştəsizdi, xislət bəddi, şəxsi maraqlar milli maraqlardan öndədi – bunları görmədən ifaçıların üstünə getmək öz-özünü aldatmaqdı.
Canni de Byazi bacarıqlı məşqçidi – bunu Albaiya yığmasında sübut edib;
Futbolçularımız istedadsız deyil – əksəriyyəti bunu klublarında isbatlayır;
AFFA-dakılar səriştəsizdi – bunu 14 ildi nümayiş etdirirlər…
İtaliyalı məşqçi sadəcə, karyerasının sonunda nəticə yox, pul qazanmaq həvəsinə düşüb. Bilir ki, Azərbaycanda qazandığını ona heç yerdə verməyəcəklər. AFFA-dakıların da nəticə qazanmaq, futbolu inkişaf etdirmək niyyəti yoxdu, ciblərini düşünürlər, milyonlarını qazanırlar. Və de Byazi axına düşüb, şəraitə uyğun işləyir.
***
Canni de Byazi dünənədək yığmada xaricdə oynayan futbolçularımızın olmamasından gileylənirdi. İndi isə pis-yaxşı 5-6 legionerimiz var. Amma…
…amma onlardan heç biri dünən start heyətdə deyildi. Nə “Legiya”nın lideri Mahir Emreli, nə Polşada sabit oynayan Anton Krivotsyuk, nə Ukrayna elitasında çıxış edən Anatoli Nuriyev, nə də başqaları. Niyə? Çünki onların heç birinin transferində Riad Rəfiyevin rolu olmayıb.
Və “Sumqayıt”ın menecer-prezidentinin tapşırıqları de Byazi üçün hər şeydən önəmlidi. Onu milliyə gətirib 300 min komision haqqı alan Rəfiyev əsas söz sahibidi. İtaliyalı bilir ki, onun taleyini nəticələr yox, Elşad Nəsirovla Elxan Məmmədovun başçılıq etdiyi, Rəfiyevin icraçı olduğu “mütəşəkkil dəstə” həll edir.
De Byazi buna görə meydana Rəfiyevin farslarını – Höccət Haqverdi və Əli Qurbanini, milliləşdirilərək qazanc mənbəyinə çevrilən xorvat Filip Ozobiçi, autsayder olmasına baxmayaraq, AFFA xəttini təmsil edən “Keşlə”dən Azər Salahlını buraxır.
İkinci hissədə meydana legionerlər çıxır və onlar məşqçi tapşırığı olmadan, öz bacarıqları hesabına oyunu dəyişirlər. Bununla belə, “cırtdan”a məğlubiyyət qaçılmaz olur. Çünki başqa niyyətlə seçilmiş heyətə calaq vurmaqla gedişatı ancaq bu qədər dəyişmək olardı.
***
Dövlət rəhbərliyi, ölkədə idmanın inkişafına cavabdeh şəxslər, sözüm sizədi: milli maraqlara tüpürüb, yığmanın üstündə oyun quranlarla bağlı tədbir görün. Bunlar futbol oynamır, futbolla, azarkeşlərin əsəbiylə, ölkənin imiciylə, sizin nüfuzunuzla oynayır. Siz də susacaq, hesabat istəməyəcəksizsə, tənqidlər sizə yönələcək. Bu adamların özbaşnaqlarını görməmək, elə onlar kimi olmaq deməkdi. Vaxtilə inanmısız, təyin etmisiz, bacarmayıblar, 14 ildə bizi uçurumun dibinə atıblar. Artıq dəyişiklik, islahat vaxtıd.
***
AFFA-dakıların kefini pozmayaq. Əsas odur, darmadağından qaça bildik. Elə bu səbəbdən də sağlıq demək olar. Amma mən yalnız AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun şərəfinə badə toqquşdurulmasının tərəfdarıyam. Axı, milli komandaların nəticələrinə görə birbaşa o cavabdehdi.
Sizə qəribə gəlməsin, AFFA-nın baş katibi Elxan Məmmədovun həm də icraçı vitse-prezident təyin olunduğu tədbirdən sonra belə açıqlama verilmişdi. Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra bildirmişdi ki, komitə üzvlərinin hər biri bundan sonra müxtəlif sahələrə cavabdehlik daşıyacaq. Və Nəsirov da milli komanda üzrə əsas cavabdeh şəxs olacaq. Ona görə də Elşad Nəsirovun şərəfinə… Kimsənin xətrinə dəyməyək – elə bütün AFFA rəhbərliyinin şərəfinə…
FƏRİD