“Zirə”ylə bağlı məkrli planın ilk hissəsi yerinə yetirilib. Bu komanda mövsümə ötənilki qədər yaxşı başlamamalıydı və hazırda 4 oyuna 5 xalla liderlər qrupundan uzaq düşüb. Halbuki ən azı elə bu qədər xalının oğurlandığı göz qabağındadı.

Qəsəbə təmsilçisi ilə oyunlarda xal payı alan komandaların bunda günahı yoxdu. Məqsəd həmin komandalara yardım etmək deyil, məhz “Zirə”nin büdrədilməsidi. Necə ki, dünən “Sabah” bir xal əldə etdi. Halbuki “Sabah”a kömək etmək istəyən ötən tur onun özünə qarşı hakim səhvinə göz yummazdı. Bəlkə də dünənki səhv elə ötən həftə “Sabah”a qarşı hakim səhvinin kompensasiyası idi.

4-cü turun Zirədəki qarşılaşması meydan sahiblərinin qələbəsi ilə bitməliydi. Rəşad Sadıqovun yetirmələri rəqibinə qol şansı vermədən final fitini gözləyirdi. Qol vurulmuşdu, son dəqiqələrdə ağıllı müdafiə olunaraq əks-hücumda şans axtarırdı və bu, onlarda yaxşı alınırdı. Lakin 83-cü dəqiqədə hakimlər heç nədən künc zərbəsi təyin etdi, epizodun davamında isə mübahisəli qol vuruldu.

Əslində, vurulan qolda mübahisəlik heç nə yox idi. Qonaqların müdafiəçisi Şpiro Periçiç qapıçı ilə hava mübarizəsində kobudluq edərək hesabı bərabərləşdirdi. Topa hakimiyyəti havada təmin etmiş Mehdi Cənnətova məhz qapıçı meydançasında təmas cərimə zərbəsi kimi qiymətləndirilməliydi, baş hakim İnqilab Məmmədov isə mərkəzi göstərdi.

Ondan sonra başverənlər “Zirə”lilərin əsəb partlaması idi. Bəli, olmamalıydı, Təmkin Xəlilzadə idmançıya yaraşmayan hərəkəti etməməliydi, lakin davamlı olaraq həm də hakimlərə qarşı mübarizə aparmaq, istənilən anda arxadan zərbə alacağını bilmək stress yaradır. Hakimlər AFFA rəhbərliyinin tapşırığı ilə “Zirə”nin xallarını oğurlayır, futbolçularını cəzalandırıb komandanı zəiflətmək üçün şərait yaradır. Beləcə iddialı ola biləcək bir komanda sıradan çıxarılır.

Dünən hakimlər “Sabah”a kömək etmədi, 1 xal heç nəyi dəyişməyəcək. Məqsəd hər ki komandanı büdrətmək idi və buna nail oldular. Ötən turlarda başlayan ssenari bu komandaların şəxsi duelində də davam etdi. AFFA müstəqilliyini həzm edə bilmədiyi iki komandanı öz fəaliyyətsizliyinə təhlükə sayır və hər fürsətdə onları büdrədir.

Yəqin ki, ötən turdan sonra olduğu kimi, Hakimlər Komitəsinin sədri Frits Stixlik yenə etiraf açıqlaması verər, VAR-ın tətbiqinin vacibliyini dilə gətirər. Halbuki hakimin gözü qarşısındakı epizoda görə müasir texnologiyaların tətbiqi vacib deyil. Hakim bunu da görmürsə, ümumiyyətlə, fiti kənara atması lazımdı, yox, görüb aldığı tapşırıq üzündən fərqli qərar verirsə, o başqa məsələ.

Bu gün zirvədə olması gərəkən “Zirə” ardıcıl zərbələr almaqda davam edir. Klub rəhbərliyi hansısa səbəbdən susur, AFFA-nın məkrli rəhbərliyi isə həyasızlıqları sıralayır.

Bu matç kimi, turun açılış oyununun hesabı da qüvvələr nisbətinin mənzərəsi deyil. “Qəbələ” liderliyə layiqdi, əla oyun nümayiş etdirir, “Səbail”dən güclüdü, lakin həmin oyundakı 5:0 bir az böyük hesab oldu. Son 5-10 dəqiqə istisna olmaqla, qonaqlar layiqli müqavimət göstərdi. Meydan sahiblərinin az qala hər zərbəsindən sonra torun silkələndiyi son dəqiqələr bir az da təsadüf edi. Bununla belə, “Səbail”də ciddi problemər var və bəlkə də komandanın ayılması üçün belə darmadağın lazım idi.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp