“Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi

  • “Qəbələ”yə 0:5 hesablı məğlubiyyətin səbəbi nədir?
  • Həqiqətən çox ağır məğlubiyyət oldu. Çox üzüldük. Amma futbolda belə hallar olur. Bu cür məğlubiyyətlərdən dərs çıxarmaq lazımdır. Bəzən belə hesabla uduzmağın komandaya xeyri olur. Bütün səhvlərini görürsən, nəticə çıxarırsan. Düşünməliyik ki, nəyə görə belə oldu? Oyunu analiz edəcəyik. Baş məşqçi hər şeyi yaxşı bilir.
  • Niyə oyunun sonlarına yaxın daha çox qol buraxdınız?
  • Matçın sonlarına doğru qapımızda ardıcıl qollar görmək çox məyus etdi bizi. Demək olar ki, konsentrasiyanı itirmişdik. Fikrimcə, ruhdan düşdük. Ağır məğlubiyyət oldu.
  • “Qəbələ”nin sona doğru çox qol vurmasını bir az da bəxtlə əlaqləndirmək olar?
  • Yox, elə deməzdim. Rəqib layiqli qələbə qazandı. Onları təbrik edirəm. Çox yaxşı futbol oynadılar.
  • “Səbail” liqaya yaxşı başladı. Amma bu böyükhesablı məğlubiyyət komandanı ruhdan sala bilər?
  • Düzdür, çempionata yaxşı start verdik. Lakin gözlənilməz məğlubiyyət oldu. Dediyim kimi, bundan dərs çıxara-çıxara inkişaf etməli, çatışmazlıqları düzəltməliyik. Bu matçı unutmalıyıq. Fikirləşmək olmaz ki, elə unutduq bitdi, nə qədər istəsən də, beynimizdə qalacaq. Lakin marafon uzundur. Düzdür, hardasa motivasiyaya təsir edə bilər. Bu işdə baş məşqçiyə böyük yük düşəcək. Komanda tez toparlanmalıdır. Təcrübəli futbolçular olaraq da baş məşqçiyə bu işdə kömək edəcəyik.
  • Qarşıda “Zirə” ilə matç var. Demək olar ki, hardasa indi sizə qalibiyyət daha çox lazımdır?
  • Həmin oyuna yüksək səviyyədə hazırlaşacağıq. Geridəki oyundan nəticə çıxarıb qarşıdakı matçda qələbə əldə etməliyik. Çox çətin olacaq. Güclü rəqibdir, yaxşı heyətə malikdir, yaxşı məşqçisi var.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp