“Qarabağ” liderliyi xal itirmədiyi turda əldən verdi. Bunun səbəbi zirvədəki şəriki “Qəbələ”nin daha böyük hesabla qalib gəlməsi oldu. Ağdamlıların da belə şansı var idi, amma “Sumqayıt” “Səbail” dən daha yaxşı müqavimət göstərməyi bacardı.

Premyer Liqada 4-cü turunun bağlanış matçının favoriti bəlli idi. Məğlubiyyət acısı yaşamayan iki komandadan biri olan “Qarabağ”ın, ötən tur “Neftçi”ni yenəndən sonra büdrəməyə haqqı qalmamışdı. Konfrans Liqasında “Bazel”ə qarşı sərgilənən futbol isə səviyyə fərqini daha aşkar göstərmişdi. Qonaqlara qalan mümkün qədər müqavimət göstərmək idi. “Qarabağ”ın yorğunluğu, heyətdəki rotasiyalar onlarda sensasiyaya ümid yarada bilərdi.

Əslində, belə şans var idi. Qurban Qurbanov “Bazel”ə qarşı oynamış heyətdən cəmi 2 nəfəri “Sumqayıt” önünə çıxarmışdı. Üstəlik, bir sıra mövqelərdə dəyişiklik edilmiş, xətlərarası əlaqə məcburiyyətdən qırılmışdı. Əvəzetmələrdən sonra vəziyyət bir az da pisləşdi. Sağ cinah bu üzdən işləkliyini itirmişdi, solda da problemlər var idi. Orta sahədə, hücumda son vaxtlar birlikdə oynamış iki nəfəri tapmaq mümkün deyildi. Kəsəsi, Qurbanov əvəzedici heyətlə də eksperimentlərə davam edirdi.

Buna rəğmən, “Qarabağ” təcrübəsi hesabına qələbəni qopardı. İlk yarıda müdafiənin ani diqqətsizliyi Musa Qurbanlının penalti qazanmasına səbəb oldusa, fasilədən sonra hücuma daha çox diqqət ayırıb təşəbbüsü ələ keçirən qonaqların riski onlara baha başa gəldi – Filip Ozobiç əks-hücumdan sonra dublunu rəsmiləşdirdi.

“Sumqayıt” ikinci hissədə özünə gəlsə də, ardıcıl iki məğlubiyyətin reallaşmasına mane ola bilmədi. Oyunçu keyfiyyəti arasındakı fərq, heyət yetərsizliyi Ayxan Abbasovun əl-qolunu bağladı. “Qarabağ” əvəzetmələrdə sonra əsas oyunçuları döyüşə atırdısa, qonaqlarda hər dəyişiklik zəifləməyə səbəb olurdu.

Ağdamlıların əsas heyətə düşməyə çətinlik çəkən futbolçularında da problem var idi. Qapıçı Emil Balayev matç boyunca həyəcanlı göründü. Ehtiyatda qalmaq onun müdafiəçilərlə anlaşmasına təsir göstərib. Ozobiçin 2 qol vurması sırf təcrübəsinin nəticəsiydi – onun da formada olmadığı, fiziki cəhətdən çatdırmadığı görünürdü. Qaspar Panedero hələ formaya düşməyib, Riçard Almeyda əvvəlki qədər işgüzar deyil. Bəhlul Mustafazadə ilk oyunlarla müqayisədə artırıb, hücumları başlamaq, kəskin ötürmələr vermək keyfiyyətlərini yaxşılaşdırıb və əvvəlki günlərinə dönməkdədi. Amma mövqe seçimlərindəki səhvləri bəzən artıq güc sərf etməsinə səbəb olurdu ki, bunun da yekununda zədə alaraq oyunu erkən tərk etdi.

İstənilən halda, “Qarabağ” vacib qələbə qazanıb zirvədə qaldı. Hər iki cəbhədə uğurlu olmağa çalışan ağdamlıların belə oyunlarda büdrəməməsi özləri üçün çox önəmlidi. Dünən hər şey arzuladıqları kimi oldu. “Sumqayıt” isə tezliklə toparlanıb arzuolunmaz seriyanı dayandırmalıdı, əks halda, uğurlu start xoş xatirə kimi yada salınacaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp