AFFA səksəkədədi. Gözləmədikləri yerdən elə zərbə aldılar ki, şoka düşdülər. Və tələsik cavab verməklə özlərini “yandırdılar”. Zibilin içindədilər, ən yaralı yerləri olan maliyyə fırıldaqları vərəqlənməyə başlayıb və bu, onlar üçün yaxşı sonluq vəd etmir.

 

Zatən, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun aqibəti bəllidi. 14 ildi dövlət vəsaitinin israfına, dağıdılmasına şərait yaradan, özü də milyonçular siyahısına düşməyi bacaran bu şəxs 2022-ci ilə vəzifə başında keçməyəcək. Onun başqa sahəyə keçidi də mümkün olmadı, himayədarlarını təklifi ilə namizəd göstərildiyi heç bir vəzifəyə layiq bilinmədi. Artıq bütün ictimaiyyət Məmmədovun hansı bacarığa, hansı xislətə malik olduğunu bilir, imici yerlə bir olub. Və belə bir adamın nəinki başqa bir məsul posta təyinatı mümkünsüzdü, əksinə, bu illər ərzində etdiklərinin hesabatını verməlidi. Verə bilməyəcəyi dəqiqdi, o zaman… Allah günahlarını bağışlasın…

 

Dünən vəkil Aslan İsmayılov sosial şəbəkədə yazdığı bir statusla gündəmə düşdü. Onun AFFA-nı və bu qurumun rəsmən maliyyələşdirdiyi ən problemli klub olan “Keşlə”ni ifşa etməsi ilə ortalıq qarışdı. Düzdü, iddialar konkret sənədlərlə təsdiqlənmədi, lakin təcrübəli vəkilin bunu növbəti günlərdə edəcəyi dəqiqdi. Öncə ictimai rəyi, ittiham etdiklərinin reaksiyasını öyrəndi və daha sonra etdiyi paylaşımlarla daha dərinə gedəcəyinin anonsunu verdi.

 

İlk paylaşımda Elxan Məmmədovla Zaur Axundov – AFFA-nın ən problemli adamları hədəf seçildi. Təsadüfi deyil, dost-şəriklərin hansı oyunlardan çıxdığını sıravi azarkeşlər də yaxşı bilir, lakin bunu ictimaiyyət tərəfindən qəbul edilən birinin gündəmə gətirməsi məsələni ciddiləşdirdi: “Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin”.

 

AFFA qəfil zərbədən noqdauna düşdü və gələcəkdə əleyhlərinə işləyəcək açıqlama verdi. Ütülü cümlələrin sonunda hədə də var idi: “Assosiasiyanın işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”.

 

Halbuki nədənsə qorxun yoxdursa, şəffaf işləyirsənsə, fəaliyyətin həqiqətən verdiyin hesabatlarda doğru şəkildə əksini tapıbsa, “müvafiq strukturlara müraciət etmək hüququnu özündə saxlamadan” konkret addım atmaq lazımdı. AFFA bunu etmədi, çünki təcrübəli vəkillə mübarizədə nələrin baş verəcəyindən xəbərdardı. Əks iddia ilə AFFA-nın fəaliyyəti, maliyyə hesabatları araşdırılsa, yer yerindən oynar. İllik hesabatlarda büdcənin 10-15 faizinin gizlədildiyi “Digər xərclər” bölməsiin detallı araşdırılması onlarla adamın həbsə düşməsi demək olar. Milli komandaların toplanışlarına xərclənən pulların detallı analizi, şişirdilmiş rəqəmlər və s.

 

“Keşlə” də bəyanat yaydı və özünü ifşa etdi. Paytaxt klubunun yaydığı mətnin ilk cümlələri onların qanunsuz fəaliyyətinin isbatıdı. Ola bilsin, İsmayılov futbolla dərindən maraqlanmadığı üçün bu nüansları gözdən qaçıracaq. Ona görə də biz yazaq, o da xəbərdar olsun.

 

Bəyanatdan bir hissə: “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 2017-ci il 23 oktyabrda “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, “İnter Arena”da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

2019-cu il martın 1-də isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib”.

 

STOP! “Keşlə Futbol Klubu İctimai Birliyi” haradan çıxdı? Axı, bu barədə ictimaiyyətə heç bir məlumat verilməmişdi. Yoxsa “əməliyyatlar”ın yerinə yetirilməsi üçün belə bir təşkilat yaradılıb?

Bəs, “ASK Arena” hara getdi? Axı, “Şəfa”, sonradan “İnter Arena” adlandırılan qurğunun indiki adı belədi. Ümumiyyətlə, ASK niyə yaddan çıxıb, sənədlərdə əksini tapmayıb?

Qeyd olunur ki, 2019-cu il martın 1-də “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib. Axı, “İnter” hələ 2017-ci ildə “Keşlə”yə çevrilib, ləğv olunub. Elədisə, ləğv olunan “İnter PİK” MMC-yə niyə pul ödənilir? Hətta dünən də bu qurumun hesabına müəyyən miqdarda vəsait köçürülüb.

Mümkündü ki, “İnter” ləğv olunmayıb, fəaliyyətini davam etdirir, o zaman “Keşlə”nin Premyer Liqada nə işi var? Axı, bu komanda çempionata məhz “İnter”in varisi olduğu üçün buraxılıb. Yeni komandaların varislik olmadan yarışa buraxılması qadağandı, bu barədə lisenziya tələblərində yazılıb. Üstəlik, bakılılar həmin vaxtdan davamlı olaraq avrokuboklarda iştirak edir. Qitə yarışlarında isə minimum 3 yaşı olan klublar çıxış edə bilər.

Kəsəsi, “Keşlə” “İnter”ə pul ödəyirsə, deməli, bu klub ləğv olunmayıb və “Keşlə” də onun varisi deyil. Deməli, böyük saxtakarlıq reallaşıb, bakılılar qanunsuz olaraq avrokuboklara buraxılıb. Yox, “Keşlə” “İnter”in varisidisə, deməli, həm də borclarını, öhdəliklərini üstünə götürməlidi. O zaman “Keşlə”nin “İnter”ə pul ödəməsini necə başa düşək?

 

“Keşlə” başqa məqsədlə açıqladığı bəyanatla özünü ifşa etdi. Ümid edirik, bu anlaşılmazlığın da bir açıqlaması olacaq və cavab gözləyirik. Çünki qanunsuzluq varsa, varislik faktı unudulubsa, saxtakarlıq edilibsə, futbolumuz UEFA sanksiyası ilə üz-üzə qala bilər.

 

Aslan İsmayılov yəqin bu məsələyə də diqqət yetirəcək. Çünki onun ittihamlarında israrlı olduğu görünür: “Az əvvəl yazıdığım statusa görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA məni məhkəmə ilə hədələdi. İnsan sözünün arxasında durmalıdır. Mən hazır, ona görə ki, AFFA məsullarından fərqli olaraq hər yazıdığımı anlayıram və məsuliyyətini dərk edirəm. İzləyicilərim üçün statusda qaldırdığım konkret problemə də AFFA münasibət bildirsə, çox maraqlı olardı. Nə üçün fəhlələrin 5 min 800 manat pulu iki ildən artıqdır ki, ödənilmir?!

P.S. Bütün izləyicilərdən AFFA-nın bəyanatına daxil olub bildikləri korrupsiya, qanun pozuntusu faktlarını şərhlərdə qeyd etmələrini xahiş edirəm”.

 

Vəkilin çağırışına cavab olaraq, dünən gecəyədək AFFA-nın paylaşımına 900-ə yaxın şərh gəlmişdi və onların içərisində bircəciyi belə fərqli deyildi – hamı AFFA-nı qınayır, ittihamların doğru olduğunu təsdiqləyir.

 

Aslan bəyin son paylaşımı isə qəbzlərlə, sənədlərlə daha maraqlı alınıb: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-nın ardınca “Keşlə” FK da mənə hədə-qorxu gəldi. Ancaq bunlar məhkəmə ilə yox, Prokurorluqla qorxudurlar. Yazdıqlarına və paylaşdıqları qəbzlərə diqqətlə baxın. Bunlarda vicdandan başqa ağıl da yox imiş. Statusu bu gün, yəni 20 sentyabr 2021-ci ildə paylaşmışam. Bunlar da məni yalanda ittiham edib pulların ödənildiyini, yəni mənim yalan yazdığımı bildirirlər. Özlərinin paylaşdıqları qəbzlərdən də görünür ki, 5800 manat məbləğ bu gün, yəni 20.09.2021-ci il tarixində, yəni mən status yazandan sonra Paşa Bank vasitəsilə köçürülüb. Özü də pul alana tez çatsın deyə digər qəbzlərdən (standart yazılıb) fərqli olaraq bu günə olan iki qəbzin Bank Qeydində TƏCİLİ yazılıb. Ən yaxşı halda pul yiyəsinə sabah çatacaq. Bunların bu ağlı ilə futbolumuzun yaxşı günü ola da bilməzdi!”

 

İsmayılovun ictimai nüfuzu, digər fəaliyyətləri ilə işimiz yoxdu, amma onun futbolla bağlı yazdıqlarında böyük həqiqətlər var. İllərdi işimizi biz də məhz bu istiqamətdə qurmuşuq, bir qrup işbazın futbolumuzun başında dəlləklik etdiyini yazır, onları ifşa etməkdə davam edirik. Artıq pərdələr açılır, 14 illik uğursuz fəaliyyətin kimlərə nələr qazandırdığı aydınlaşır, maxinasiyalar, yeyinti faktları daha geniş auditoriya üçün açıqlanır. Elxan Məmmədovun imperiyası, onun vəziri Zaur Axundovun fəaliyyəti gün işığına çıxır. Ümid edirik, beynəlxalq qurumların maliyyəsi ilə Fuad Musayevin vaxtında tikilən, AFFA tərəfindən dəyərindən dəfələrlə aşağı qiymətə satılan, indi isə icarə oyunlarına meydan olan “Şəfa”yla bağlı da yeni araşdırmaya ehtiyac duyulacaq.

 

FƏRİD

1510056478 untitled 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp