Azərbaycan Premyer Liqasında legioner limiti (6 legioner+5 yerli) ləğv olunmalı, dəyişdirilməlidimi?

“FutbolPress” son günlərin aktual mövzusu ətrafında media nümayəndələri arasında sorğu keçirdi, onların ideya və təkliflərini öyrənib…

Ruslan Mikayıllı (“Azerisport.com”): “Limitin qalmasının tərəfdarıyam. Limitin qaldırılması futbolumuzun indiki durumunda təhlükəli addım olar. Klublarımızın sayı çox azdı, yerli futbolçu isə hardasa oynamalıdı. Misal üçün limit olmasa, “Neftçi”də ən yaxşı halda yerli futbolçulardan əsas heyətdə ancaq Emin Mahmudov oynayacaq. Mənə “Şerif” kimi klub lazım deyil. Mən meydanda azərbaycanlı futbolçu görmək istəyirəm.

Düzəməlli I Divizionumuz da yoxdu ki, yerlilər orda oynasın. İndiki durumda limit qalmalıdı. Pis-yaxşı nəsə yetişir. Futbolumuzun problemləri limitdən irəli gəlmir. Digər dəyişikliklərə əl atmaq lazımdı”.

Sənan Abdullayev (“Xəzər” TV): “Limitin ləğvi məsələsində futbol mütəxəssislərinin əksəriyyətinin danışdıqları mənə görə ən yaxşı halda qeyri-səmimilikdi. Bunu tələb edənlərdən tək Qurban Qurbanov ümid verir və reallıqda da hər kəsə sübut edib ki, azərbaycanlılara dəstək olacaq, onları gücləndirəcək və yararlanacaq. Bəs o birilər? Nəyi bəhanə edirlər? Guya limit ləğv olunarsa, azərbaycanlı futbolçular daha çox çalışacaq və ən güclülər heyətə düşəcək. Boş şeydi. Bir müddət sonra həmin azərbaycanlı futbolçular və elə həmin mütəxəssislər deyəcəklər ki, limit millini çətin duruma salıb. Məgər “Neftçi”nin, “Keşlə”nin, “Sumqayıt”ın avrokuboklarda uğursuz olmasının səbəbi limit idi?
Mən də limitin ləğv olunmasının tərəfdarıyam. Amma əminəm ki, futbol adamlarımız bundan Azərbaycan yox, öz cibləri və qarınları üçün istifadə edəcəklər. Basıb legionerlərlə dolduracaqlar komandaları”.

Əli Sahib (“Fanat.az”): “Birmənalı olaraq limitin qalmasının tərəfdarıyam. Limit bizə mahirləri, qaraları, namiqləri qazandırıb. Düzdü, Avropada uğurlu çıxış üçün imkanlı klublarımıza limitin ləğvi sərf etsə də, ölkədə futbolun inkişafına fəsadları olacaq. Birincisi böyük, iddialı klublarımız akademiyaların inkişafına, futbolçu yetişdirməyə deyil, xaricdən hazır “məhsul” gətirməyə üstünlük verəcək. İkincisi çempionatda böyük uçrum yaranacaq – maliyyə imkanı az olan və çox olan klublar arasında.
İndiki halda səviyyəli əcnəbi ilə yanaşı top qovan yerli futbolçular təcrübə qazanır, inkişaf edir. Limit ləğv olunsa, tamam başqa mənzərə olacaq”.

Aydın Bağırov (Qol.az): “Nə tam ləğvinin tərəfdarıyam, nə də bu formada qalmasının. Düşünürəm ki, bir qədər yumşalma olmalıdı. Limit məsələsi son olaraq “Neftçi” tərəfindən gündəmə gətirildi. Daha əvvəl “Qəbələ” bir neçə dəfə legioner limitinin ləğvini istəyib. 6+5, yox, 7+4 və ya 8+3 kimi dəyişiklik edilə bilər. Klublar AFFA ilə müzakirə aparsa, ortaq məxrəc əldə etmək mümkündü. Düşünürəm ki, belə bir dəyişiklik edilsə də, yaşı 21-ə qədər olan futbolçunun oynaması qərarına toxunulmamalıdı. U-21 limiti mütləq saxlanılmalıdı. Təcrübə göstərir ki, bu səbəbdən baş məşqçilər məcburiyyətdən də olsa, gənclərə şans verib və bundan ümumən futbolumuz qazanıb. Bir neçə oyunçu U-21 limitinə görə bir neçə futbolçu üzdə olub, yaxşı klublara keçib və bu gün də komandalarının liderinə çevriliblər”.

Kənan Hakimov (İTV): “Limit ləğv olunsa, futbolçularımızın məcburiyyətdən ölkə xaricinə üz tutmasına şahidlik edəcəyik. Məncə, bu, istər-istəməz futbolumuzun xeyrinə olacaq. Çünki indiki şərtlər altında futbolçu məsələn, aylıq maksimum 5 min manat civarında əməkhaqqıya layiq futbol sərgiləyir, amma limit səbəbindən yerli futbolçu qıtlığı yaranır ki, bu da onun klubdan daha çox pul istəməsinə səbəb olur. Başqa sözlə, yerlilərin dəyəri süni şəkildə şişirdilir. Limitin ləğvinin mənfi tərəfi o ola bilər ki, bəzi işbazlar klublarda keyfiyyətsiz legionerlərin sayını çoxaltmaqla pulunu qazanacaq. Bunun qarşısını almaq üçün isə müəyyən kriteriyalar qoyulmalı, məhduyiyyətlər tətbiq olunmalıdır. Futbolçunun daha öncə çıxış etdiyi ölkədə yüksək liqa klubunda forma geyinməsi, milli üzvü olması, yaşı və s.
İstənilən halda, düşünürəm ki, limitin ləğvi futbolumuzun xeyirnə olar. Çünki hamımız azərbaycanlı futbolçunun xarakterinə bələdik. Mahir Emreli, Nmiq Əsəgərov kimi az sayda futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Təəssüf ki, əksəriyyət düşünür ki, 5-10 manat burada qazanım, biznesim olsun bəsimdi, ölkə xaricinə yollanmağa risk etmir. Həm də mövcud limit yerli futbolçuları arxayınlaşdırır. Ona görə kluba dəyərindən artıq qiymət oxuyur. Klub isə mövcud şərtlər altında həmin futbolçunun sözü ilə hərəkət etməyə məcbur olur”.

Mahir Rüstəmli (“Futol+” qəzeti): “İstənilən halda limitin tərəfdarıyam. Bu gün bütün lazımi şəraitə, infrastruktura malik Azərbaycan klubu əsas heyətdə oynatmaq üçün 5 azərbaycanlı (əslində bizdəki “milliləşdirmə”nin miqyasını nəzərə alsaq, 5 də şərtidi) tapa bilmirsə, günahı limitdə yox, özündə axtarmalıdı. Təbii ki, klub futbolunda çalışanlar ilk növbədə öz maraqlarını nəzərə alırlar, yəni onlar üçün “necə olur-olsun, nəticə qazanım” prinsipi işləyir. Amma əsas yığmanın və U-21-in də maraqlarını unutmayaq. Ucdantutma legioner oynayacaqsa, yığmalar kimin hesabına formalaşacaq? Kimsə düşünürsə ki, limit götürüləndən sonra əcnəbilərə uduzacaq yerli futbolçular legioner həyatı yaşamağa meyillənəcək, belə düşüncələrin də əsası yoxdu. Açıq etiraf etmək lazımdı ki, bizim futbolçuların xaricə yollanmasını əngəlləyən çoxlu futbolla bağlı və futboldənkənar amil var ki, bunlar yaxın gələcəkdə aradan qalxan deyil.
Azərbaycan Avropa ölkəsi sayılsa da, hələ özümüzü limit məhdudiyyətlərinə loyal yanaşan Avropa ilə müqayisə edə bilmərik. Limit söhbəti salanlar, bununla manipulyasiya etməyə çalışanlar yerli futbolçulara güvənməyən adamlardı. Limit məsələsi Azərbaycan futbolunda heç ilk “5-liy”ə düşəsi problem deyil. Başqa problemləri həll etməli, futbola peşəkar yanaşmanı artırmalı, əcnəbi seçiminə diqqətlə yanaşmalı, başqa ölkələrin klublarına futbolçu satmalıyıq. Mahir Emreli kimi ulduzu havayı buraxmaq bir ölkənin faciəsidi. Hətta limitdən də böyük faciə”.

Emin Abbasov (Sportal.az): “Hər bir qərarı verəndə hərtərəfli ölçüb-biçmək, işləmə mexanizmini, verə biləcəyi faydaları və zərərləri dəqiq müəyyənləşdirmək lazımdı ki, situsaiya dəqiq anlaşılsın. Təəssüf ki, uzun illər futbolda çatışmayan budu. Qərarlar verilir, ancaq onun işləmə mexanizmi düşünülmür, müsbət və mənfi yönləri heç cür hesablanmır. Ona görə nəsə yaxşı bir şey etmək istəyəndə də nəticə pis alınır.
Bu gün limiti tam aradan qaldırsaq, böyük ehtimalla Premyer Liqada azərbaycanlı futbolçuların sayı daha da azalacaq, klublar kütləvi legionerlər gətirəcəklər. Ancaq digər tərəfdən əcnəbi futbolçularla çempionatın səviyyəsi qalxacaq. Bunu son olaraq “Şerif” nümunəsində görürük.
8 komandalı çempionatda legioner limitini aradan qaldırmaq doğru deyil. Bunun üçün komanda sayı minimum 12-14 olmalıdı. Büdcəsi aşağı olan bəzi klublara isə qeyri-rəsmi tapşırıq vermək lazımdı ki, ya legioner sayı minimum olsun, ya da tamamilə yerli futbolçular çıxış etsin. Onsuz da bir neçə klub AFFA-dan maliyyələşir və “Sumqayıt” nümunəsində legioner məhdidiyyəti nümunsini görürük. Bir neçə klubun qarşısına şərt qoysunlar ki, 3-5 legioner götürün, ya da ümumiyyətlə əcnəbi oynatmayın. Deyək ki, “Qarabağ”, “Neftçi”, digər maliyyəsi yaxşı olan klublar isə rahat şəkildə işlərini görsünlər. Bu gün birbaşa legioner limitinin ləğvi qərarını vermək çıxış yolu deyil. İlk növbədə komanda sayını artırmalıyıq ki, yerli futbolçular kənarda qalıb şikayətlənməsinlər ki, öz ölkəmizdə bizə yer yoxdu.
Ümumən millinin, yoxsa klubların maraqları sualı qarşısında qalsaq, təbii ki, klubların maraqlarına üstünlük verməliyik. Çünki milli heç bir nəticə vermir. Belədisə, milliyə görə klubları da pis duruma salmaq düzgün deyil. Anlaşılandı ki, klublar Avropada legionerlərlə daha rahat oynayarlar”.

Vüsal Mahmudov: (“Futbolinfo.az): “Əvvəla, bu gün belə məsələnin ictimailəşməsi maraq doğurur. Belə məsələlər mövsüm başlamamış müzakirəyə çıxarılanda hansısa dəyişikliyin baş verməsi daha inandırıcı olur. İndi gündəmə gəlməsi gələcəkdə lazım olacaq bəhanələrə hesablanıb, kimlərinsə bəraət planıdı. Mövsüm start götürübsə, deməli, hamı heyətini buna uyğun komplektləşdirib, indi dəyişiklik edilsə, kütləvi narazılıq yaranar. Necə ki, əksər məşqçilər fikrini məhz belə əsaslandırıb.
Bu fikri müzakirəyə atan Samir Abasovdu. “Neftçi”nin baş məşqçisi bir ay öncə legioner azlığından şikayətlənirdi, ardıcıl əcnəbi transferlərindən sonra valı dəyişib, indi də yerli oyunçularının olmadığını deyir. Bunun günahı kimdədi? 6 əcnəbinin oynamasına imkan verən limit var, sən 12-13 legioner gətirmisən, indi isə hamını öz səhvlərinlə hesablaşmağa məcbur edirsən? Yayda yerli oyunçu potensialını gücləndirmək lazım gələrkən yatanlar ayılıb deyəsən.
Bu məsələdə Rəşad Sadıqovun da Abasova üstüörtülü dəstək verməsi təəssüf doğurur. Bu ideyanı əcnəbilər yox, istedadına, bacarığına güvəndiyimiz azərbaycanlı gənc məşqçilərin dilə gətirməsi məyusedicidi.
Belə bir fikrin nəvaxtsa ortaya atılacağını gözləyirdim. Uşaq futbolunda illərdi davam edən fəaliyyətsizliyin yekunu belə olmalıydı. Artıq yerli oyunçu defisiti var, boşluğu əcnəbilərlə doldurmaq istəyirlər. Bununla sanki həm də funksionerlərin eyibini örtməyə çalışırlar.
“Neftçi” ötən mövsüm bu yerli oyunçularla çempion olub. Üstəlik, bakılıların əvəzediciləri də I Divizionda qalib olub. Bəs, hanı əsas komanda üçün hazırlanan həmin gənclər?
Limit dəyişdirilməməlidi. Mövsüm ərzində 30-35 əcnəbinin xidmətindən istifadə edən klubların aqibətini görmüşük. Həmin vaxt maliyyənin dağıdılmasıyla yadda qaldı, heç bir xeyir görmədik.
Hətta limit dəyişdirilsə belə, bu, ciddi işlənmiş plan əsasında reallaşmalıdı. Klublara mövsümlük limit tətbiq olunmalıdı ki, sui-istifadə halları olmasın. Məsələn, şərt qoyulmalıdı ki, mövsüm ərzində 12-dən artıq legioner gətirilməsin, onlara görə ödəniləcək rüsum əhəmiyyətli şəkildə artırılsın.
Bundan başqa, ölkələr kateqoriyaya bölünsün, İspaniya, İngiltərə, Portuqaliya kimi ölkələrin aşağı liqasından gələnlərə icazə verilsin, Makedoniya, Albaniya kimi ölkələrdən isə yalnız yüksək liqada oynayanların gətirilməsinə. Bundann başqa, transferlərin 70 faizinin milli üzvü olması tələbi qoyulsun ki, çempionatın ümumi səviyyəsi aşağı düşməsin, klublar keyfiyyətsiz futbolçularla doldurulmasın.
Variant çoxdu, qərar veriləndə mütləq müəyyən şərtlər qoyulmalıdı. Amma ən yaxşısı belə davam etməkdi. Sabitlikdən yaxşısı yoxdu”.

Rəşad Rafiqoğlu (“İdman” TV): “Legioner limitinin ləğv olunmasının tərəfdarıyam. Yaddaşım məni aldatmırsa, bir müddət bu cür və ya buna oxşar sistem olmuşdu. Həmin zaman 11 legionerlə də meydana çıxmaq olurdu. Düzdü, belə yanaşma ola bilər ki, indiki vəziyyətdə legioner limiti olmasa, klublar ucuz, səfrəli əcnəbilər gətirəcək və azərbaycanlı futbolçular batacaq. Düzgün yanaşma deyil. Çünki futbolumuz o vəziyyətdə deyil ki, legionerlərin azərbaycanlı futbolçuların inkişaf etməsinin qarşısını alacağını deyək. Düzdü, futbolumuz o səviyyədə də deyil ki, “Böyük beşlik” ölkələrindəki kimi limiti Avropa İttifaqı formatında edək. Ancaq ümumilikdə son zamanlar qonşu ölkələrdə bu mövzuda gedən müzakirələrə baxsaq, onlarda da eyni problemlər var. Türkiyə kimi ölkədə 8+3 sistemi tətbiq olunur və onlar bunu azaldacaqlar. Rusiyada isə klublar legioner limitinin ləğvnin tərəfdarıdılar.
Mövzuya düzgün yanaşsaq, legioner limitinin götürülmsəi yerli futbolçuların inkişafının qarşısını almır. Gələn əcnəbilərin nə dərəcədə klubun ehtiyaclarına cavab verməsi də əhəmiyyətlidi. Bunun üçün böyük maliyyə də xərclənməlidi. Limit ləğv olunsa, xaricdən Azərbaycana yaxşı futbolçu axını da baş verə bilər. Bu, yerli futbolçuların inkişafını ləngitməz. Əksinə, azərbaycanlı oyunçular rəqabətdə daha yaxşı olmağa çalışacaqlar.
Legioner limitinin də müəyyən düsturları var. Bunu belə etmək olar ki, ümumən heyətdə 11 əcnəbi saxlaya bilərsən. Belə olsa, daha yaxşı olar. Şübhəsiz ki, legionerlərin hamısı oynamayacaq. Mən bunun tərəfdarıyam. İndiki məqamda bu cür saxlanması doğru deyil. Limit ləğv olunmalı və klublara imkan verilməlidi ki, istədikləri futbolçuları gətirsinlər.
Yaş limitinin də tərəfdarı deyiləm. Deyirlər ki, belə olanda gənclər inkişaf edir. Ancaq bunu aşağı liqada etmək olar. Belə etmək də mümkündü ki, yaş limiti qalsın, ancaq legionerlərə məhdudiyyət qoyulmasın”.

Rüstəm Əfsərli (“CBC Sport”): “Limit ləğv olunmalıdı, amma bir neçə vacib şərtə əməl edilməklə. Təxmini təklifim belə ola bilər ki, PFL-ə göndərilən iştirak ərizəsi minimum 25 futbolçudan ibarət olsun. 15 legioner, 10 yerli sistemi etmək olar. 10 yerli də əvəzedici heyətdən müstəqil, konkret əsas komanda üzvləri olmalıdı. Meydana çıxacaq legioner futbolçuların sayında isə limit olmasın.
Limitin ləğvi yalnız o şərtlə mümkün ola bilər ki, Premyer Liqada komanda sayı ən azı 12 olsun. Çünki klublardan bir neçəsi tamamilə legionerlərə üstünlük verəndə yerlilərin oynamaq şansı azalır. Say çoxaldıqca – bütün klubların yüksək maliyyə imkanları olmadığı üçün – yerlilərin oynamaq ehtimalı artır. Dolayısı ilə milli komandaya böyük təsiri olma bilər.
Digər şərt eyni sistemin I Divizonda tətbiqidi, aşağı liqa “uşaq bağçasına” çevrilməməlidi. Orda da islahatlar aparılmalı, komanda sayı artırılmalıdı. Əvəzediciləri istisna edirəm, onlar onsuz da müsabəqədənkənar yarışırlar. Əvəzedicilərlə birgə 17-18 komanda olmalı, liqalar arasında rotasiya bərpa edilməlidi və ordan elitaya yüksələn komandanın da rəqabət imkanları olmalıdı.
Limit ləğv olunarsa, seçim və qeydiyyat prosesi sərtləşdirilməlidi. Təklif edərdim ki, mütəxəssis, skautlardan ibarət ixtisaslaşmış qrup legionerlərin gətirilməsinə nəzarət etsin. Deyək ki, FIFA reytinqində ilk “100-lük”də olan, yaxud daha sərt: UEFA əmsallar cədvəlində ilk “30-luq”da yer alan liqalardan transfer mümkün olsun. Burda da hər bir futbolçuya fərdi yanaşma mütləqdi. Ola bilər ki, Albaniya millisinin üzvüdü və Albaniya çempionatında çıxış edir. Bu liqada oynaması onun pis futbolçu olduğu anlamına gəlmir (Albaniya çempionatı “30-luq”dan aşağıdadı – R.Ə.). Fərdi yanaşma əsasında sərt seçim olmalıdı. İngiltərə Premyer Liqasındakı kimi işə götürmə, Premyer Liqada oynama icazəsi kimi bir mexanizm tətbiq oluna bilər.
Başqa bir tələb bu ola bilər ki, leginerlər bəlli bir əməkhaqqıdan aşağı almasınlar. Təxminən 8-10 min manatlıq limit qoymaq olar. Bir futbolçuya bu qədər məvacib verirsənsə, onun qarşılığını almaq istəyəcəksən. Bu da klubları məcbur edəcək ki, daha diqqətli axtarsınlar. Söhbət 2-3 min manata oynayan 10-larla legionerdən getmir. Özünə hörmət edən futbolçu indiki halda 8-10 min avrodan aşağı məvacibə oynamaz.
Legioner limiti ləğv olunacağı halda U-21 limitinin qalması pis olmazdı. Zaman göstərir ki, bu klubları əvəzedici heyətdə şıxış edən və ya digər klublardakı gənc futbolçuları diqqətdə saxlamağa məcbur edir.
Limit ləğv edilərsə və ya qalarsa, bunu çempionatın ortasında müzakirə etməyin mənası yoxdu. Yeni mövsüm üçün müzakirə oluna bilər. Limit ləğv edilsə belə, düşünürəm ki, qeyd etdiyim şərtlərlə daha uyğun olar.
Limit olmazsa, yerli futbolçular daha ciddi rəqabətlə üzləşəcək. Onsuz da ən yaxşılar oynayacaq. Məsələn, heç kim Maksim Medvedev, Qara Qarayev, İsmayıl İbrahimli, Emin Mahmudov, Rəhim Sadıqov, Əli Qurbanini kənara atmayacaq, onlar həmişə oynayacaqlar. Legioner nə qədər yüksək səviyyədə olsa da, onun gəlib uyğunlaşması prosesi var. Bir də var ki, yerli futbolçular komandaya daha rahat uyğunlaşır. Onsuz da məşqçi və klublar yaxşı yerlilərə üstünlük verəcəklər. Onlarsız demək olar ki, mümkün deyil.
Limitsiz olarsa, burda rəqabətə davam gətirə bilməyənlər istər-istəməz ölkə xaricindəki variantlara baxacaqlar. Bu da xaricə gedişi artıracaq. Əvvəllər daha az və ya burdakı ilə eyni məbləğə getmək istəmirdilərsə, belə olan halda burda qalıb oynamamaqdansa, getməyi üstün tutacaqlar.
Yekun olaraq, bunlar hamısı kağız üzərindədi. Necə olacağını ancaq zaman göstərə bilər. İstənilən süni şərtlərə qarşıyam. Bəzi azərbaycanlı futbolçular layiq olmadan çox oynayırlar, məvacibləri yuxarı olur və millinin nəticələri göstərir ki, əslində o səviyyədə deyillər. Bəlkə də, getsələr, xaricdə daha artırarlar. Burda onu da nəzərə almaq lazımdı ki, birdən-birə yerli futbolçuların sayı azala bilər. Ancaq fikirləşirəm ki, təxminən qeyd etdiyim kimi olsa, yalnız xeyir verə bilər, nəinki zərər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp