“Neftçi”nin yeni transferi Tyaqo Bezerranın futbolinfo.az saytına müsahibəsi

  • Son oyunda 3:0 hesablı qələbə qazandınız. “Keşlə” üzərindəki bu qalibiyyət barədə nə deyə bilərsən?
  • Əlbəttə ki, önəmli olan 3 xalı qazanmaqdır. Bu, bizim üçün çox önəmli idi. “Qarabağ”la evdəki oyunu da uduzmuşduq. Bəlkə də kənardan baxanda “3:0-lıq hesabla qazanırsansa, deməli asandır” deyilir, amma futbolda artıq asan oyunlar yoxdur. Bütün komandalar futbol oynamağı bilir.
  • Azərbaycandan nə zaman təklif aldın və nə zaman qərar verdin?
  • Görüşmələr və danışıqlar çox uzun sürmədi. Azərbaycan haqqında əvvəlcədən də məlumatım var idi. Türkiyəyə yaxın olduğu üçün bəzi braziliyalı futbolçular var idi ki, burada oynamışdı. Gəlməmişdən öncə də Azərbaycan liqasını araşdırdım, “Neftçi”yə baxdım. Gördüm ki, son mövsümün çempionudur. Buna görə də çox sual etmədim. 1-2 gün görüşdükdən sonra razılaşdıq. Menecerimlə birlikdə bilet aldıq və bura gəldik.
  • Azərbaycan haqqında sənə kimsə daha çox məlumat vermişdi?
  • Təbii ki, çox məlumatım var idi. Çox oyunçu var idi ki, burdan ora gələn, ordan bura gələn. Həm “Neftçi”ni, həm də digər komandaların adlarını eşitmişdim. Antalyada yoxlama görüşləri keçirdik. Bir çox adları eşitdim.
  • Burada oynamış keçmiş braziliyalılardan kimi tanıyırdın?
  • Reynaldonu tanıyırdım. Onunla qarşılaşmışdıq. İnsan olaraq da münasibətlərimiz yaxşı idi. Digər tanıdıqlarım da var. Sadəcə indi ağlıma gəlmir ki, sizə kimlərinsə adın deyim.
  • Azərbaycan liqası Türkiyə çempionatı qədər yüksək səviyyəli deyil. Bu, səni narahat etmir?
  • Fikrimcə, burada hər şey yaxşıdır. Bütün liqalar bir zamanlar zəif olub. Azərbaycan çempionatı da yüksəlməkdə davam edir. Birdən-birə hər şey yüksək olmur. Digərlərindən nümunə götürüb irəli getmək lazımdır.
  • “Neftçi”də özünü sübut edəcəyinə inanırsan?
  • Bu komanda daim yaxşı yerlərdə qərarlaşıb. Son çempion olaraq titulumuzu qorumağa çalışacağıq. Liqadakı bütün komandalara hörmət edirik. Amma “Neftçi”nin hədəfi hər zaman birincilik olub və belə də davam edəcək. Biz bütün matçlara qalibiyyət üçün çıxacağıq.
  • Türk dilini öyrənmisən, Azərbaycan dilini də öyrənmək barədə düşünürsən?
  • Azərbaycan dili də türk dilinə yaxındır. Buna görə bir-birimizi başa düşməkdə çətinlik çəkəcəyimizə inanmıram. Bir neçə fərqli sözlər var. Amma 90 faiz deyilənləri mən də anlayıram. Mənim üçün problem yoxdur. İngilis dilini də bilirəm deyə hardasa çətinlik yaranmayacaq.
  • Bakı haqqında düşüncələrin nədir?
  • Gözəl və güvənli yerdir. İnsanlar da türklərə bənzəyir və ölkə də Türkiyə kimidir. Heç bir çətinlik olmayacaq. Futbol oynamaq üçün, ailə üçün hər şey var. Ona görə də burada özümü yaxşı hiss edirəm.
  • “Qarabağ”la “Neftçi” rəqabətindən xəbərin var?
  • Mən ilk həftə gəldiyimdə bu komandalar arasında matç var idi. Bu hər yerdə var və belə oyunlara fərqli hazırlanırlar. Bu matçlar futbola maraq qatır. Bizim də çempion olmaq üçün hər şeyimiz var. Yaxşı heyət, güclü məşqçi və azarkeşimiz var. Düşünürəm ki, çempion olmaq üçün başqa şeyə ehtiyac yoxdur. Sadəcə, işimizi düzgün görməliyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp